
"Qarabağ"ın baş direktoru və İdarə Heyətinin üzvü Əmrah Çəlikəl ötən gün "Fənərbağça"nın prezidenti Əli Koçla baş tutan görüşlərindən danışıb.
Sportinfo.az xəbər verir ki, Ağdam klubunun rəsmisi bu barədə "report"a açıqlama verib.
O, Əli Koçun Bakıya gəlişinin səbəbinin futbolla bağlı olmadığını deyib:
"Cənab Əli Koç biznes işləri ilə əlaqədar Bakıya təşrif buyurmuşdu. Bu səbəbdən görüşümüz qısa çəkdi.
O, çox səmimi danışdı və Azərbaycana olan sevgisindən bəhs etdi. Söhbətimiz maraqlı alındı.
Gələcəkdə klublar arasında mümkün əməkdaşlıq imkanları müzakirə olundu. Bununla bağlı lazımi işlər görüləcək və daha sonra ictimaiyyətə açıqlama veriləcək".
Ə.Çəlikəl "Qarabağ" və "Fənərbağça" klubları arasında yoxlama görüşünün keçirilməsinin hər zaman gündəmdə olduğunu vurğulayıb:
"Bu məsələ həmişə müzakirə mövzusudur. Lakin hər iki kollektivin qrafiki sıx olduğu üçün bu istəyi reallaşdırmaq asan deyil.
Müəyyən ideyalar var və onları həyata keçirməyi planlaşdırırıq. Görüş zamanı Əli Koçun "Qarabağ" və "Fənərbağça"ya fayda verə biləcək işbirliyinə hazır olduğunu gördük.
Hazırda razılaşdırılmış bir layihə yoxdur. Lakin hər iki komanda öz tərəfində müəyyən hazırlıq işləri aparacaq və gələcəkdə əməkdaşlıq məsələləri yenidən danışılacaq".
Klub rəsmisi son olaraq yaxın günlərdə "Qarabağ"ın yeni transferlərini açıqlayacağını bildirib:
"İki gün əvvəl yeni transferimizi ictimaiyyətə bildirdik. Yeni oyunçuların gəlişi mütləq olacaq.
Azarkeşlərin bunu maraqla gözlədiyini bilirik. Yaxın müddətdə başqa transferləri də açıqlayacağıq".
Əli Koçla görüşdə "Qarabağ"ın İdarə Heyətinin digər üzvü Asif Əsgərov da iştirak edib. Görüşün sonunda "Fənərbağça"nın prezidentinə Ağdam təmsilçisinin forması və xatirə hədiyyəsi təqdim olunub.