
Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ”da istirahət müddəti başa çatıb.
“Köhlən atlar” iyunun 18-də klubun Suraxanıdakı bazasında bir araya gəlib. Lakin tam tərkibdə yox.
Legionerlər düşərgəyə təşrif buyursa da, milli üzvləri hələ də dincəlir.
Söhbət Azərbaycan və Monteneqro yığmalarına dəvət olunan futbolçulardan gedir.
Marko Yankoviç, Şahruddin Məhəmmədəliyev, Toral Bayramov, Elvin Cəfərquliyev, Bədavi Hüseynov, Bəhlul Mustafazadə, Abbas Hüseynov, Musa Qurbanlı – adları çəkilənlər mövsüm başa çatandan sonra milli komandaların sıralarında olduqları üçün baş məşqçi Qurban Qurbanov onlara əlavə istirahət imkanı yaradıb.
Ağdam təmsilçisi iyunun 22-dən etibarən məşqlərini tam tərkibdə davam etdirəcək.
Əslində, Nəriman Axundzadə də yığmaya dəvət alanların sırasında idi. Lakin onunla bağlı vəziyyət fərqlidir. Bu barədə başqa yazıda xəbər verəcəyik.
“Qarabağ” Çempionlar Liqasının II təsnifat mərhələsində “Şelbrun” (İrlandiya) – “Linfild” (Şimali İrlandiya) cütünün qalibi ilə üz-üzə gələcək.
İlk oyunlar 22-23 iyulda, cavab görüşləri 29-30 iyulda baş tutacaq.
HƏBİB / SPORTİNFO.AZ