
“Qarabağ” transfer çalışmalarında sürəti artırıb.
Mövsüm başa çatan kimi dörd futbolçu ilə yollarını ayıran ağdamlıların iyul ayına qədər azı üç transfer edəcəyi gözlənilir.
“Köhlən atlar” ənənəsinə sadiq qalaraq bu dəfə də Portuqaliya bazarına üz tutub. Bildirilir ki, transferlərin ikisi Braziliyadan olacaq. Bir neçə il əvvəl okeanın o tayından gəlib özünü Portuqaliyada göstərməyə çalışanlardır.
“Qarabağ”ın son 13-14 ildə Avropa bazarına üz tutub Azərbaycana dəvət etdiyi azı 10 braziliyalının adını çəkmək olar. Riçard Almeydayla başlayan yol Reynaldo ilə davam etdi, klub tarixinin ən bahalı satışı Kadi Borgesin adına bağlandı.
Danilo Dias, Çumbinyo, Vaqner da Silva, Mateus Silva, Julio Romao – bu adlar da Braziliyadan Avropaya gəlib, daha sonra yolunu “Qarabağ”dan salanlardır.
“Qarabağ” Avropa futbolunda artıq bir markaya çevrilib. Təklif göndərdiyi futbolçular, onların agentləri və məxsus olduqları klublar bizimkilərdən dünya-aləm pul istəyir.
10 il əvvəl hansısa brazxiliyalını Portuqaliyadan Azərbaycana dəvət etmək ciddi vəsait tələb etmirdisə, indi söhbət kifayət qədər böyük məbləğlərdən gedir.
Braziliyada kifayət qədər istedadların olması hər kəsə məlumdur. Şöhbət təkcə A Seriyasında oynayanlardan getmir. Onsuz da yüksək liqada oynayanları Avropa nəhəngləri diqqətdə saxlayır.
Digər liqalarda top dalınca qaçan kifayət qədər istedad var ki, bir müddətdən sonra Avropanın ortabab ölkələrinə üz tuturlar.
“Qarabağ” kimi brendə çevrilmiş klubun skautinq sisteminin yüksək səviyyədə olmaması, bəlkə də heç olmaması böyük sual doğurur. Braziliyada oynayan istedadları diqqətdə saxlamaq, onlarla vaxtında əlaqə qurmaq və keçidlərinə nail olmaq klubu maddi baxımından irəli saldığı kimi, Braziliyadakı reklamına səbəb ola bilər.
Hər il avrokubokların əsas mərhələsində mübarizə aparan klub nə vaxta qədər gözünü Portuqaliya dikəcək? 5 manatlıq işə 15 manat xərcləmək ənənəsi nə vaxta qədər davam edəcək?
HƏBİB / SPORTİNFO.AZ