
"Qarabağ" heyətini yeni transferlə gücləndirib.
Klubun mətbuat xidməti saytımızın bir neçə saat öncə yaydığı məlumatı doğrulayıb.
Ağdam təmsilçisi Dani Boltla razılaşıb.
25 yaşlı braziliyalı sağ cinah müdafiəçisi ilə 3+1 illik müqavilə imzalanıb. O, “Qarabağ”da 18 nömrəli forma ilə çıxış edəcək.
Dani Bolt Portuqaliyanın ikinci liqa klubu "Torreense"dən transfer olunub. O, başa çatan mövsümdə komandasının heyətində 36 oyuna çıxaraq 2 qol vurub və 3 qolun ötürməsini edib.
2024-2025-ci illərdə formasını geyindiyi bu klubadək Braziliyada çıxış edən Bolt yetirməsi olduğu “Fluminense”, həmçinin “Atletiko Paranaense”, “Vitoriya” və “Yuventud”un şərəfini qoruyub.
Bu, "Qarabağ"ın 2025/26 mövsümü üçün ilk transferidir. Azərbaycan çempionu "sambaçı"ının keçidini havayı reallaşdırmayıb. Portuqaliyada bir üst liqaya vəsiqə qazanan "Torreense"yə təzminat ödənilib.
Həmin məbləğ 300 min avro civarındadır. Səbəbkarın özünə isə bu məbləğdən bir qədər az vəsait ödəniləcək.
SPORTİNFO.AZ