
AFFA U-14 Liqasında 2024/2025 mövsümünə yekun vurulub.
Sortinfo.az-ın qurumun mətbuat xidmətinə istinadən məlumatına görə, Bayıl stadionunda üçüncü yer uğrunda oyun və final görüşü keçirilib.
Bürünc mükafat uğrunda matçda “Qəbələ” üzərində 7:2 hesablı qələbə qazanan “Sabah” komandası yarışı üçüncü sırada tamamlayıb.
Ardından final qarşılaşmasında “Qarabağ” və “Ulduz“ komandaları üz-üzə gəliblər. Azərbaycan millisinin sabiq futbolçusu Samir Musayevin rəhbərlik etdiyi Ağdam təmsilçisi rəqibini 1:0 hesabı ilə məğlub edərək çempion olub. “Ulduz” isə gümüş medalla kifayətlənib.
Oyunlardan sonra “Sabah” bürünc, “Ulduz” gümüş medalla, “Qarabağ” isə qızıl medal və kubokla təltif olunub. Həmçinin fərdi nominasiyalar üzrə qaliblər müəyyənləşib.
Mövsüm ərzində 38 qol vuran “Amasiya”nın oyunçusu İlham Qubadov ən məhsuldar futbolçuya verilən mükafata sahib olub. “Qarabağ”ın üzvü Ramil Əmirquliyev isə mövsümün ən yaxşı oyunçusu seçilib.
Mükafatları AFFA-nın Yarışların təşkili departamentinin rəisi Emin Cəfərov və 18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi İlham Yadullayev təqdim ediblər.