“Qarabağ” ciddi islahatlar astanasında - Görün, Qurban Qurbanov nə edir!

12 İyun 20:40 Qarabağ 5 873
“Qarabağ” ciddi islahatlar astanasında - Görün, Qurban Qurbanov nə edir!

“Qarabağ” mövsümlərarası fasilə dönəmində dörd futbolçu ilə yollarını ayırdı.

İsmayıl İbrahimli onsuz da “Zirə”nin uğurları üçün tər tökürdü və gözlənildiyi kimi, bundan sonra karyerasını Rəşad Sadıqovun rəhbərliyi altında davam etdirəcək.

Digərləri – Marko Veşoviç, Yassin Benzia və Patrik Andrade ilə başa çatan müqavilələr yenilənmədi.

Klub ayrılıq xəbərlərini ictimaiyyətə təqdim edəndən sonra sözün əsl mənasında narazılıq baş qaldırıb.

Ki, “Qarabağ” onları niyə saxlamadı? Bundan sonra nə edəcək? Gedənlər komandaya faydalı idi və sair və ilaxır.

Cənablar, “Qarabağ”ın son avrokubok mövsümündəki nəticələr sizi razı saldı? Təbii ki, yox. Arxivi vərəqləsək komandanın enişdə olduğunu iddia edən minlərlə azarkeşin şərhinə rast gələ bilərik.

Məgər Qurban Qurbanov bunu görmürdü? Enişin fərqində deyildi?

Bir komanda nəticələr yüksələn xətt üzrə inkişaf etmirsə, dəyişikliklər mütləqdir. İndi həmin dəyişikliklərin zamanıdır. 2020-ci ilin yayında olduğu kimi.

“Qarabağ” yaşı 30-u keçənlərdən azad olmalıydı. Avrokuboklarda uğur qazanmaq üçün nisbətən gənc kollektivə ehtiyac var.

Benzia 31-i tamamlamağa hazırlaşır, Veşoviç 34-ü, Andrade 32-ni başa vurub. Bu futbolçuların “köhlən atlar” üçün xidmətləri az olmayıb. Hər dövrün öz tələbi olduğu kimi, futbolun da buna bənzər yazılmamış qanunu var.

Qışda 35 yaşlı Riçard Almeyda göndərildi, bu dəfə adları çəkilən üç nəfər. “Qarabağ” “qocalar”dan azad olmaqdadır. Bu isə yeni uğurların başlanğıcı deməkdir.

Klub rəhbərliyi pulu çölə səpmək istəmirsə, bu, onların, yaxud Qurbanovun uğurdan uzaq gəzməsi anlamına gəlməməlidir. Onlar üzləri güldürən nəticələri hamıdan çox istəyirlər. Və hazırda bu yöndə müəyyən addımlar atılmaqdadır.

İllər öncə Rəşad Sadıqov, Miçel, Ansi Aqolli, Dino Ndlovu kimi aparıcı simalar komandanı tərk edəndə, “qızıl dövr”ün başa çatdığından ehtiyatılanırdıq. Ancaq əksi yaşandı və yenilənmiş “Qarabağ” Avropanın aparıcı klublarına meydan oxumaqla daha çox diqqət çəkməyi bacardı.

Ona görə də bir az səbr və dəstək nümayiş etdirmək lazımdır. Xoş günlər irəlidədir.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!