
"Qarabağ" üçün mövsüm xoş sonluqla başa çatmadı.
Ağdamlılar Ölkə Kubokunun həlledici matçında "Sabah"a məğlub oldu - 2:3.
Düzdü, buna qədər Qurban Qurbanovun komandası Premyer Liqada növbəti çempionluğunu təmin edə bilmişdi.
Amma klubun avrokuboklardakı çıxışı da yaddaşlarda neqativ notlarda qaldığını unutmayaq.
Axı ötən mövsüm Avropa Liqasının 1/8 final mərhələsində Almaniya nəhəngi "Bayer Leverkuzen"ə çətin anlar yaşadan təmsilçimiz bu dəfə əsas mərhələdən uzağa gedə bilmədi.
Sportinfo.az-a açıqlamasında "Qarabağ"ın təcrübəli siması Bədavi Hüseynov başverənlərin özü və yoldaşları üçün yaxşı təcrübə olacağını bildirib:
"Avrokuboklarda problemlərimiz oldu. Bəzən zədələr, bəzən şanssızlıq işimizə mane oldu.
Məncə, mövsüm bizim daha da böyüməyimiz üçün yaxşı təcrübə oldu.
Növbəti dəfə Çempionlar Liqasında mübarizəyə başlayacağıq. İnşallah, bu dəfə hər şey daha yaxşı olacaq".
XANOĞLAN