“Qarabağ”dan daha bir yenilik - Rəsmi tərəfdaş oldular

3 İyun 22:40 Qarabağ 223
“Qarabağ”dan daha bir yenilik - Rəsmi tərəfdaş oldular

Qarabağ” Futbol Klubu Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) həyata keçirdiyi “İqlim Fəaliyyəti üçün İdman” (Sports for Climate Action) təşəbbüsünün rəsmi tərəfdaşı olub.

Sportinfo.az xəbər verir ki, Ağdam təmsilçisi bu təşəbbüsə qoşulmaqla həm də BMT-nin “Race to Zero” kampaniyasının bir hissəsinə çevrilib. “Qarabağ” Paris Sazişinin məqsədlərinə uyğun olaraq idman sektorunda sıfır karbon emissiyasına keçidə dəstək verib.

Bu önəmli yeniliyə münasibət bildirən klubun prezidenti Tahir Gözel bu təşəbbüsə qoşulmaqla “Qarabağ”ın məsuliyyətinin daha da artdığını vurğulayıb:

“Bu nüfuzlu təşəbbüsə qoşulmaq bizim üçün təkcə beynəlxalq tanınma deyil, həm də böyük məsuliyyətdir. İdman cəmiyyətləri güclü nüfuz vasitəsidir və biz bu gücü ətraf mühitin qorunması istiqamətində istifadə etməyə hazırıq.

Bu təşəbbüsün bir parçası olmaqdan həm sevinc, həm də qürur duyuruq. Klubumuz Qarabağ adını uzun illərdir Avropada layiqincə, böyük məsuliyyətlə daşıyır.

Əsas komandamızın qazandığı davamlı nəticələr, klubumuzun gördüyü işlər beynəlxalq qurumların diqqətindədir. Bütün bunlar “Qarabağ”ın dünyada güvən qazanmasına, tanınmasına səbəb olub.

BMT-nin təşəbbüsündə də həm ölkəmizi, həm Qarabağ adını layiqincə təmsil etmək üçün əlimizdən gələni edəcəyik”.

Klub bu platformaya qoşulmaqla qlobal iqlim fəaliyyətinə idman vasitəsilə töhfə verməyi öhdəsinə götürüb.

Öhdəliklər karbon emissiyalarının 2030-cu ilə qədər ən azı 50 faizə qədər azaldılmasını, 2040-cı ilə qədər 0-a endirilməsini, illik iqlim hesabatlarının ictimaiyyətə açıqlanmasını, 12 ay ərzində konkret fəaliyyət planının təqdim edilməsini, iqlim məsələlərinin tərəfdaşlarla açıq şəkildə bölüşülməsini əhatə edir.

Digər Xəbərlər
Xəbər Lenti