
II Liqada çempionluq şansını əldən verməsinə baxmayaraq, I Liqaya vəsiqə qazanan “Şəfa”nın məşqçiləri “Qarabağ”ın qonağı olub.
Baş məşqçi Elgiz Kərəmli ilə köməkçisi Zamir Həsənov mayın son günlərində təcrübə yığmaq məqsədi ilə Qurban Qurbanovun məşqlərini yaxından izləyib.
Bu barədə Zamir Həsənov “feysbuk” hesabında paylaşım edərək, ayrı-ayrı şəxslərə təşəkkür edib:
“Qarabağ” futbol klubunu yaxından hiss etdiyimiz bir həftə.
Bir həftə boyunca Azərbaycanı avrokuboklarda layiqincə təmsil edən “Qarabağ” kimi böyük bir klubda olmaq bizim üçün həm məsuliyyət, həm də böyük bir məktəb oldu.
Başda baş məşqçi Qurban müəllimə dərin təşəkkürümüzü bildiririk. Həm futbol bilikləri, həm də şəxsiyyət olaraq əsl nümunədir.
Onun rəhbərliyi altında futbolun texniki və mənəvi tərəflərini bu qədər dərindən görmək bizim üçün böyük təcrübə idi.
“Qarabağ”ın bütün məşqçi heyətinə, xüsusi olaraq Çudomir Çakarovla Mario Mitova suallarımıza səbrlə cavab verdiklərinə, klub kollektivinə isə göstərdikləri səmimiyyət və dəstəyə görə minnətdarıq”.
HƏBİB / SPORTİNFO.AZ