
“Sent-Etyen”in hücumçusu İbrahima Vadji Azərbaycana qayıda bilər.
Bu barədə Fransa mətbuatı məlumat yayıb.
Xəbərdə qeyd olunub ki, seneqallı forvard iyunun 30-də qüvvədən düşəcək müqaviləsini yeniləməyəcək. “Sent-Etyen”dən ayrılacağı dəqiq olan Vadjinin “Qarabağ”ın yolunu tutacağı vurğulanıb.
30 yaşlı oyunçu 2022-ci ildə onu 1,5 milyon avroya “Sent-Etyen”ə satan “Qarabağ”a indi azad agent kimi dönməyə hazırlaşır.
İddiaya görə, tərəflər arasında danışıqlara başlanılıb. Afrikalının özü “Qarabağ”a qayıdaraq, ona tanış yerdə əvvəlki formasını bərpa edəcəyinə inanır.
İbrahima Vadji 2021-2022 mövsümündə “Qarabağ”ın heyətində 36 oyunda 20 qol vurub.
Üç ildir Fransada legioner həyatı yaşayan qolçu haqda yayılan son məlumatlar, əslində, tam dəqiq deyil.
Seneqallının özü ikinci dəfə Azərbaycanda çıxış etməyə həvəslidir. O, “Qarabağ”ın nümayəndələri ilə telefon söhbətində bu istəyini dilə gətirib.
Sadəcə, iş ondadır ki… Vadji təkbaşına qərar vermək səlahiyyətində deyil.
Hücumçunun karyera planlarını xanımı müəyyənləşdirir. Hansı ki, hücumçu 2022-ci ildə Azərbaycanı elə həyat yoldaşının təkidi ilə tərk edib.
Qadın yenə bura dönməyə birmənalı yanaşmır.
Vadji indi onu dilə tutur ki, Fransadan köçməyə razılaşsın. Ağdam klubunun funksionerləri də afrikalını tələsdirir.
SPORTİNFO.AZ