“Qarabağ”a nəfəs almaq imkanı verməyənlər

26 May 21:20 Qarabağ 310
“Qarabağ”a nəfəs almaq imkanı verməyənlər

Sizi bilmirəm, şəxsən “Şamaxı” – “Qarabağ” qarşılaşmasından zövq aldım.

Süni örtük amili, ağdamlıların çempionluğu vaxtından əvvəl təmin etməsi faktı oyunun baxımlılığına kölgə sala bilərdi. Ancaq meydandakı mübarizə əzmi.

“Şamaxı”nın futbolçularına sadəcə əhsən!

İllik maaşı Zubirin aylıq məvacibinə bərabər olan Alfons Msanqanın “Qarabağ”ın kapitanından çəkinməməsi, Premyer Liqanın həyəcanını indi-indi hiss etməyə başlayan Edqar Adilxanovun Bəhlul Mustafazadə ilə Mateus Silvanı bir-birinə qatması, Vüsal Məsimovun Aleksey Kaşuka göz açmağa imkan verməməsi – inanılmaz dərəcədə möhtəşəm görüntülər idi.

Ayxan Abbasov bir azərbaycanlı məşqçinin nəyə qadir olduğu növbəti dəfə göstərməyi bacardı. Məhz baş məşqçinin oyunöncəsi motivasiya yükünün təsiri idi ki, meydana 9 yerli ilə çıxan “Şamaxı” özündən qat-qat güclü “Qarabağ”a topla rəftar etməyə imkan vermirdi. Nə yeyib, nə içmişdilərsə, çempionun üzvləri onların əlindən qan ağlayırdı.

Rauf Rüstəmli, Rüfıət Abbasov, Edqar Adilxanovun yer aldığı siyahıya Murad Vəliyevlə Fəxri Məmmədlinin də adları yazıldı. Məhz bu futbolçular Ayxan Abbasovun Premyer Liqaya, dolayısı ilə Azərbaycan futboluna qazandırdığı gənclərdir.

Hər şey plan üzrə getsə, növbəti çempionatda “Şamaxı”nı fərqli üslubda, lakin daha parlaq görmək nəsibimiz olacaq.

Diqqətlə baxanda, U-21-in Abbasova tapşırılmasının səbəbi məlum olur.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti