
Heyətini gücləndirmək üçün yeni oyunçu axtarışına davam edən “Qarabağ” Mark Qualı bu siyahıdan çıxarıb.
Azərbaycan çempionu “Legiya”da forma geyinən hücumçunun transferindən artıq vaz keçib.
29 yaşlı ispaniyalıya görə irəli sürülən şərtlər uyğun hesab olnmayıb.
Onun Polşa klubu ilə 1 illik müqaviləsi var. Bu səbəbdən “Legiya”nın tələb etdiyi transfer haqqını ödəmək lazımdır.
İki il öncə Ukrayna “Dnepr”indən azad agent kimi gələn forvard son mövsümdə 47 oyuna 19 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb. O, bu qollardan 7-ni 13 oyun keçirdiyi Konfrans Liqasında vurub.
Məhz avrokuboklardakı uğurlu çıxışı ilə “Qarabağ”ın diqqətini çəkən forvarda görə 700-800 min avro istənilib.
Polyaklar ispanı daha baha qiyməta satacaqlarına ümidvar olduğundan, təzminatın məbləğində güzəştə getməyib.
Çünki prineyliyə ərəb ölkələrindən və ABŞ-dan maraq göstərən 3-4 klub var. “Real Solt Leyk” ondan ötrü 1-1,5 milyon dollar ödəməyə hazırdır.
İspaniyanın U-21 yığmasının sabiq üzvü karyerası ərzində “Espanyol B”, “Sevilya B”, “Saraqosa”, “Jirona”, “Real B” (Madrid), “Alkorkon” və “Yagelloniya”da tər töküb.
“Sevilya” onu bir neçə dəfə icarəyə verib. Mark heç vaxt hansısa komandaya transfer olunmayıb - ya icarədə çıxış edib, ya da azad agent kimi klub dəyişib.
SPORTİNFO.AZ