
Azərbaycan Premyer Liqasının 32-ci turunda "Sabah"la heç-heçəyə imza atan (1:1) "Qarabağ"ın düşərgəsində yaşanan bir hadisə uzun müddət danışıldı,
12-ci çempionluğunu vaxtından əvvəl təmin edən komandanın baş məşqçisi Qurban Qurbanovun soyunub-geyinmə otağında Bəhlul Mustafazadə ilə görüşməməsini nəzərdə tuturuq.
Çalışdırıcı futbolçularını çempionluq münasibətilə təbrik eləyib və hər biri ilə görüşüb və bu zaman yalnız bir nəfərlə Bəhlulla əl sıxışmayıb.
Sosial şəbəkələrdə yayılan görüntlər böyük rezonans doğurdu, eyni zamanda, çoxsaylı söz-söhbətlər yayıldı.
53 yaşlı mütəxəssis bu barədə açıqlama verməyə borclu olmadığını bildirib:
“Problemli bir şey yoxdursa, hər hansı açıqlama vermək artıq olar. Biz Bəhlulla neçə illərdir birgə işləyirik və oyunlarımızın 90-95 faizində iştirak edirsə, görünən odur ki, heç nə yoxdur.
Mənim açıqlama vermək borcum yoxdur. Problem varsa, məncə, daha çox sizlər bilirsiniz. Ona görə hər hansı açıqlama verməyə ehtiyac yoxdur”.
Nəhayət, saytımız əsl həqiqəti aşkara çıxarıb. Redaksiyamıza məlum olub ki, Qurbanovun o reaksiyası təsadüfi deyilmiş.
2024-cü ilin yayında müqavilə müddətini 1+2 illik uzadan Mustafazadə bu aralar rəhbərliyi «get-gəl»ə salıb, kontraktın ikinci hissəsinin avtomatik qüvvəyə minməsinə zəmin yaratmayıb.
Dəfələrlə söhbətdən yayınıb: nə «hə» deyib, nə də «yox». Ara-sıra başqa klublardan daha sərfəli təkliflər aldığını söyləyib, danışıqları ertələyib.
Bəhlulun konkret söhbətdən yayınması təcrübəli məşqçini əsəbiləşdirib. Qurbanov 2021-ci ildən sərəncamında olan arxa xətt oyunçusunun onun əziyyətinə bu cür qiymət verməsinə pis olub.
SPORTİNFO.AZ