
"Qarabağ"ın yetirməsi Amil Rzayev Azərbaycan Premyer Liqasında rekorda imza ataraq 2024/2025 mövsümünün ən gənc futbolçusu olub.
Sportinfo.az Ağdam təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, XXXIII turun “Sumqayıt”la görüşündə meydana çıxan müdafiəçi Premyer Liqada 15 yaş 204 günlüyündə debüt edib.
2009-cu il oktyabrın 12-də anadan olan Rzayev bu göstəricidə mövsümün yeni rekordçusu olub.
Rzayev bu göstəricidə son 12 mövsümün rekordçusudur.
O, son 15 mövsümdə 16 yaşı tamam olmadan debüt edən 6-cı futbolçu olub. 2010/11 mövsümündən başlayan dövrdə yalnız iki futbolçu meydana daha gənc ikən çıxıb. Bu müddətdə mütləq rekord Budaq Nəsirova məxsusdur, Anar Həsənov 2-cidir.
Son 15 ilin 15 yaşlı debütantları:
1. Budaq Nəsirov – 15 yaş 128 gün (“Turan”, 2011/12)
2. Anar Həsənov – 15 yaş 202 gün (“Rəvan”, 2012/13)
3. Amin Rzayev – 15 yaş 204 gün (“Qarabağ”, 2024/25)
4. Orxan Əliyev – 15 yaş 231 gün (“Sumqayıt”, 2011/12)
5. Elnur Cəfərov – 15 yaş 320 gün (“Xəzər Lənkəran”, 2012/13)
6. Səbuhi Abdullazadə - 15 yaş 349 gün (“Sumqayıt”, 2017/18)
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov “Sumqayıt”la oyundan (2:0) sonra mətbuat konfransında Rzayevin debütü barədə də danışıb. O, futbolçunun üstün tərəfləri və çatışmazlıqlarına diqqət çəkib:
“Ümumən bizim komanda ilə məşqlər edir. Sadəcə, U-17 və U-19 millilərinin düşərgəsində olduğu üçün bəzən məşqdən kənarda qalır.
Amma xeyli məşq edib. Hələ gəncdir, maksimum yükləmələri qəbul edə bilmir. İstənilən halda, perspektivi var ki, əsas komandaya cəlb etmişik.
Yaşı az olsa da, bacarığı pis deyil. Ona görə də vaxt lazımdır ki, formalaşsın".
Qurbanovun sözlərinə görə, Rzayevin iki mövqedə oynama potensialı görünür:
"Bizə belə oyunçular vacibdir. Gələcək üçün özündən daha çox şey asılı olacaq.
Çünki biz hər bir futbolçu üçün şərait yarada bilərik, digər məsələlər isə özündən asılıdır. Ümumən özünün sevimli mövqeyi daha çox müdafiədir.
Qarşıdakı oyunlarda da şərait yaradacağıq ki, daha çox meydanda olsun. Bəlkə də “Zirə” ilə yoldaşlıq oyununda özünü daha rahat hiss edirdi, nəinki belə rəsmi oyunlarda.
Həm sevincli, həm də həyacanlı idi. Uğurlar arzulayıram. Qapılarımız açıqdır, onların gələcəyini daha da yaxşılaşdırmaq üçün şərait yaradacağıq”.