
"Qarabağ"ın albaniyalı hücumçusu Redon Cica növbəti mövsüm üçün planlarını açıqlayıb.
O, Azərbaycanda qalacağını bildirib:
"Titullar qazanmaq çox xoşdur. Qızıl medallar qazandığımıza görə şadam.
Yadda qalacaq bir şey olacaq. Bu, mövsüm ərzindəki bütün səylərimizin nəticəsidir.
“Qarabağ”dakı gələcəyim haqda çox danışılır. Sadəcə, onu deyim ki, müddəti gələn ilin yayında başa çatacaq müqaviləm var. Ona görə də növbəti mövsümü “Qarabağ”da keçirəcəm”.
2,5 ildir ölkəmizdə çıxış edən Cicanın iidi belə deməsi sizi təəccübləndirməsin.
“Köhlən atlar“ın “Tirana“dan 400 min avro qarşılığında sıralarına qatdığı forvard burada az oynamasından narahatlığını dəfələrlə dilə gətirib.
Eyni zamanda, Qurban Qurbanova da fikrini çatdırıb. Baş məşqçi bu ayrılığa hazır və razıdır.
Cicanın Albaniyanın, o cümlədən, Avropanın bəzi ölkələrinin klubları ilə danışıqlar aparması da bizə məlumdur. Daimi əlaqədə olduğu menecerlər Kipr də daxil, bir neçə yerdən ona dəvətnamə gətiriblər.
Redon üçün əsas məsələ və əsas maneə pulla bağlıdır. Belə ki, təklif göndərənlərin heç biri “Qarabağ“da qazandığı qədər pul vermək niyyətində deyil.
Ödəmək istədikləri maksimum məbləğ 150 min avrodur. Bu da Azərbaycanda illik gəliri 350 min dolları keçən hücumçunu qətiyyən qane eləmir.
Digər yandan, müştərilər Ağdam təmsilçisinin təzminat tələbini də yerinə yetirməyə həvəs göstərmir.
SPORTİNFO.AZ