Yurgen Klop: “Qarabağ”ı yaxından izləyirəm, yaxşı komandanız var”

14:00 Qarabağ 742
Yurgen Klop: “Qarabağ”ı yaxından izləyirəm, yaxşı komandanız var”

«Qarabağ» Futbol Akademiyasının baş koordinatoru Aftandil Hacıyev Almaniyaya səfər edib.

Avropa Klublar Birliyinin (ECA) panel tədbirində iştirak məqsədilə sözügedən ölkəyə yollanan funksioner burada «Liverpul»un sabiq baş məşqçisi Yurgen Klopla görüşüb.

Hacıyev Sportinfo.az-a açıqlamasında məşhur almaniyalı mütəxəssislə görüşündə «Qarabağ»la bağlı söhbət etdiyini bildirib:

«Məndən hansı ölkədən olduğumu soruşdu. Azərbaycandan gəldiyimi, «Qarabağ»da çalışdığımı söylədim.

«Qarabağ»ın adını eşidən kimi üzü güldü, «bu klubu yaxşı tanıyıram» söylədi. 14-15 il əvvələ qayıtdı.

UEFA Kubokunda «Borussiya» ilə «Qarabağ»a qarşı keçirdiyi oyunları xatırladığını söylədi. Dortmund və Bakıdakı oyunların çox çətin keçdiyini bildirdi.

Dedi ki, mən ondan sonra daim «Qarabağ»ı izləyirəm, nəticələri ilə yaxından maraqlanıram, yaxşı komandanız var.

Klop söylədi ki, «Qarabağ»ın Avropaya səs salacağını, daim qrup mərhələlərində oynayacağını hələ o vaxt hiss edib.

Klubumuza uğurlar arzuladı, bizdən yeni-yeni böyük qələbələr gözlədiyini bildirdi».

Digər Xəbərlər
Xəbər Lenti