
“Bu dəqiqə bütün fikrimi “Qarabağ”ın nəticələrinə yönəltmişəm.
Məqsədim çempion olmaq və kuboku qazanmaqdır.Mövsüm başa çatsın, nəsə olsa, bu barədə danışarıq”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qarabağ”ın aparıcı simalarından olan Marko Yankoviç yayda Azərbaycanı tərk edəcəyi ilə bağlı sualı cavablandırarkən deyib.
Monteneqro millisinin də şərəfini qoruyan 29 yaşlı yarımmüdafiəçinin “köhlən atlar”la müqaviləsinin müddəti 2027-ci ilin iyun ayına qədərdir.
Buna baxmayaraq, mətbuatda Avropa klublarının Yankoviçlə maraqlanmasına və özünün də iş yerini dəyişmək istəməsinə dair xəbərlər dərc olunmaqdadır.
Bu mənada Zaqreb “Dinamo”su, “Partizan” və “Panatinaikos”un adı ön planda dayanır.
“8 nömrə” “Qarabağ”da qalmaq istəyini dilə gətirsə də, mümkün ayrılığı inkar etməyib:
“Futbolda hər şey mümkündür. Hadisələr qısa zamanda baş verir. “Qarabağ”la 2027-ci ilin yayına qədər müqaviləm var.
Bu dəqiqəyə olan fikrimi bilmək istəyirsinizsə, növbəti mövsümdə də özümü “Qarabağ”ın formasında təsəvvür edirəm. Ancaq yenə deyirəm, futbolda hər şey mümkündür”.
2022-ci ildən “Qarabağ”ın formasını geyinən Marko, bu müddətdə bütün yarışlarda meydana çıxdığı 123 oyunda 8 qol vurub, 14 məhsuldar ötürməyə imzasını yazdırıb.
HƏBİB