
«Qurban Qurbanov niyə belə edib» sualı dolaşır dünəndən bəri hər yerdə.
Media yazır. Sosial şəbəkə istifaləçiləri yazır.
Bu gün-sabah yəqin politoloqlar, ekspertlər də çıxıb məlum videoya hər verər.
Məsələ burada qalmaz, falçılar, ekstrasenslər, karta baxanlar da prosesə qoşular, «nəsə» deyərlər.
«Sabah»la oyundan sonra «Qarabağ»ın mətbuat xidmətinin əməkdaşları çox ciddi səhvə yol verib. Diqqətsiz davranıblar. Ora paltardəyişmə otağıdır. İçəridə hər an hər şey ola bilər.
Komandanın paltardəyişmə otağı bir ailənin yataq otağı kimidir. Hər kəs ora girməz, girə bilməz. Girsə də, çəkiliş etməz və etməməlidir.
Belə anlarda mütləq ehtiyatlı olmalı, tədbirli davranmalısan. «Qarabağ»ın media işinə məsuliyyət daşıyanlar həmin səhnəni lentə almışdısa da, çəkdiklərini bir daha incələməli, həmin səhnə oradan silinməli, qalanı bölümü paylaşım etməli idilər.
O boyda klubda filan qədər əməkdaş çalışır, biri görüntüləri nəzərdən keçirməyib. Fərqinə varmayıblar heç. Bu, biganəlikdir, işə yarıtmaz münasibətdir.
«Qarabağ»ı gözü götürməyənləri tanıyırıq. Öz gözündə tiri görməyənlər «Qarabağ»ın gözündə çöp axtarır - axı klubun əməkdaşları bunu bilməli, nəzərə almalıdır.
Hə, paltardəyişmə otağına daxil ol, tez çək, tez də paylaş – peşəkarlıq başqa şeydir, bu, deyil.
Digər futbolçuları çempionluq münasibətilə təbrik edib, Bəhlul Mustafazadənin yanından düz keçən Qurban Qurbanov haqda dünəndən bəri yazılmayan sözlər, tənqidi statuslar qalmadı.
Hadisənin mahiyyətinə varmadan, onların bir qədər əvvəl, dəhlizdə, yaxud texniki zonada təbrikləşib-təbrikləşməməsini öyrənmədən. Amma söz-söhbəti görürsüz, hisslər şahə qalxıb, sakit dəniz bir andaca təlatümə gəlib.
«Qarabağ»ın SMM işinə məsul şəxslərin məsuliyyətdən uzaq bir çəkiminə görə.
Qurban Qurbanov hədsiz dərəcədə həssas və olduqca tərbiyəli bir insandır.
Bəli, o, məşqçiliyindən öncə dəyərli bir insandır. Onu belə görüntüyə gətirmək, bu cür təqdim etmək, barəsində mənfi rəy yaratmaq olmaz.
«Qarabağ»da ab-havanın pis olması, baş məşqçinin futbolçular arasında ayrı-seçkilik hallarına yol verməsi yönündə fikir formalaşdırmaq üçün bu videonun «senzura»dan keçirilmədən paylaşılması kifayətdir.
Ola bilər, «Qarabağ»da bir-iki nəfərin Qurban Qurbanovdan xoşu gəlməsin, amma burada klubun adı var e! Kimlər bu işə barmaqarası yanaşıbsa, rəhbərlik onlar barədə ölçü götürməlidir.
MUSA