Qurban Qurbanovun “sənət əsəri” – İki nəfərə 25 qol, 13 assist

7 Aprel 09:50 Qarabağ 2 854
Qurban Qurbanovun “sənət əsəri” – İki nəfərə 25 qol, 13 assist

Ötən yay “Qarabağ” azərbaycanlıların kütləvi ayrılığı yaşananda həyəcan təbili çalmışdıq ki, bəs, vəziyyətin bu cür olması komandada ciddi problemlər yaradacaq.

Musa Qurbanlı ilə Ramil Şeydayevin legioner həyatına üstünlük verməsi, Qara Qarayevin “Qarabağ”ı “Neftçi”yə dəyişməsi, millimizin üzvləri Filip Ozobiçlə Şahruddin Məhəmmədəliyevin komandanı tərk etməsi Premyer Liqanın limit tələbi üçün ciddi problem sayılırdı.

Baş məşqçi Qurban Qurbanov yerli futbolçu transferi etmədən (qış fasiləsində Aleksey İsayev komandaya cəlb olundu – H.) sərəncamındakı iki əlin barmaqlarına sığmayacaq qədər oyunçu ilə vəziyyətdən çıxış yolu tapmalıydı.

Təcrübəli çalışdırıcı bunu bacardı. Həm də artıqlaması ilə.

Cari mövsümün kəşfi kimi Nəriman Axundzadəni, “artıran” futbolçusu kimi Toral Bayramovu göstərə bilərik.

Əslən Lənkərandan olan, futbolda ilk addımlarını “Xəzər Lənkəran”da atan gənclərin “Qarabağ”da cari “futbol ili”ndəki göstəriciləri göz oxşayır.

Toral Bayramov çempionatda meydana çıxdığı 25 oyunda 8 qol və 9 assistlə yadda qalıb. Ölkə kubokunda 4 görüşdə 2 qol, 1 məhsuldar ötürmə ilə fərqlənib.

Avrokuboklardakı 17 qarşılaşmada aktivinə 3 qol və 2 assist yazdırıb. Ümumilikdə 46 oyunda 13 qol və 12 məhsuldar ötürmə var.

20 yaşlı bu ay tamam olacaq Nəriman Axundzadə Premyer Liqada 23 dəfə şans qazanmaqla 8 qol vurub, 1 qolun ötürməsini verib.

Ölkə kubokunda 3 oyunda 3 qolla yadda qalıb. Avrokuboklarda meydana çıxdığı 12 görüşdə “Braqa”nın qapısına vurulan tarixi qola imzasını yazdırıb. Ümumilikdə 38 qarşılaşmada aktivində 12 qol və 1 assist var.

İki futbolçunun komandaya verdiyi fayda 25 qol və 13 məhsuldar ötürmə olub.

Elvin Cəfərquliyevin müdafiənin sol cinahında daha hazırlıqlı görünməsi fonunda Toral Bayramovun daim ehtiyatda qalması mümkünsüz idi.

Qurbanov çıxış yolunu tapmaq üçün çox düşünmədi. Toralı həm də yarımmüdafiənin sağ cinahında oynatmaqla həm futbolçuya fayda vermiş oldu, həm də “Qarabağ”a.

19 yaşlı Nərimanın “divlər”in cəmləndiyi komandada şans qazanması kənardan möcüzə görünə bilərdi. Yarımmüdafiə və hücum xəttində səviyyəli legionerlərin toplaşdığı anda gənc və təcrübəsiz azərbaycanlıya güvənmək, Axundzadəni oyunlara hazırlamaq xüsusi bacarıq tələb edirdi.

Qurbanov xoş gələcək vəd edən futbolçuya mütəmadi güvənməklə, “Braqa” ilə tarixi qarşılaşmada şans verməklə məşqçilik səviyyəsini ortaya qoydu.

Müdafiəçinin 13, 19 yaşlı gəncin 12 qol vurması Qurban Qurbanovun işidir, onun “sənət əsəri”dir. Çempionat və kubok matçlarının davam etdiyini nəzərə alsaq, statistik göstəricilərin indikindən də yaxşı olacağına şübhə etməyə dəyməz.

HƏBİB / SPORTİNFOAZ

Digər Xəbərlər
Xəbər Lenti