"Neftçi" NÜMUNƏSİ! - Qurban Qurbanov başda olmaqla...

3 Aprel 17:00 Qarabağ 2 824
"Neftçi" NÜMUNƏSİ! - Qurban Qurbanov başda olmaqla...

Azarkeş prizmasından baxası olsaq, Qara Qarayev 18 il formasını geyindiyi "Qarabağ"ı "Neftçi"yə dəyişməli deyildi.

Ən azı bir klubun əfsanəsi olaraq qalmaq üçün.

Buna görə illərdi onu dəstəkləyən, pis-yaxşı günündə yanında olan azarkeşlərin ondan incik düşməsi anlaşılandı.

Amma verilən qərar təhqir etmək üçün əsas deyil. Təəssüf ki, Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyununda "atlılar"ın "İmarət" azarkeş qrupu Qarayevi təhqir ediblər.

Əsəbləri tarıma çəkilən yarımmüdafiəçi də cavab vermək məcburiyyətində qalıb. Yaxşı ki, yaxınlıqda olanlar Qarayevi sakitləşdirib və hadisələr daha böyük skandala yol açmayıb.

Əgər Qara keçidilə kifayətlənməsə, oyunların gedişində və ya hansısa başqa məqamda "Qarabağ" azarkeşlərinə qarşı hörmətsizlik etsəydi, qarşılıq kimi son hərəkəti hardasa başa düşmək olardı.

Amma bildiyim qədərilə belə bir hal olmayıb. Hətta həmin "İmarət"in bir çox üzvü ilə futbolçunun yaxşı münasibətləri də var. Qara hər fürsətdə "Qarabağ" azarkeşləri barədə müsbət fikirlər səsləndirib. Yəni heç vaxt onlara üz çevirməyib. Bu gün də görüşdüyü, danışdığı, dostluq etdiyi çox sayda "Qarabağ" azarkeşi var.

Belədə azarkeşlərin atdığı son addıma heç bir halda haqq vermək olmur. Əgər məsələ əzəli rəqibdə oynamaqdırsa...

Belə nümunələr çox olub. Çox uzağa getmək də lazım deyil. Bu gün "Qarabağ"ın əfsanəsi sayılan Müşfiq Hüseynov da bir vaxtlar "Neftçi" forması geyinib. Söhbət "Qarabağ"ın pulsuzluqdan dağılmaq təhlükəsi ilə üz-üzə qaldığı, peraşki yeyib oyunlara çıxdığı illərdə təmənnasız klubun formasını geyinən Müşfiq Hüseynovdan gedir. Yəqin ki, Qaranı söyənlərin yaşı həmin hadisələri görməyə yetmir. Amma azarkeş qrupunda kifayət qədər təcrübəli, həmin illəri canlı görmüş adamlar var. Məncə, həmin insanlardan kiçik araşdırma etsələr yaxşı olar. Həm də klubun tarixini daha yaxşı öyrənmiş olarlar.

Digər tərəfdən ortada yaxşı "Neftçi" nümunəsi var. Məncə, "Qarabağ" azarkeşləri bir də bunu unutmasınlar.

"Ağ qaralar"ın azarkeşləri illərdi Qurban Qurbanov başda olmaqla "Qarabağ"da çalışan bütün sabiq "Neftçi"lilərin hörmətini saxlayır.

Təbii ki, əldə etdiyi uğurları "Neftçi"də qazanmadığı üçün küskünlükləri ola bilər.

Amma hardasa təhqirə yol verdiklərini xatırlamıram.

Gərək əksini də "Qarabağ" azarkeşləri sabiq kapitanına qarşı edərdi.

XANOĞLAN İMANOV

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə yazılıb.

Digər Xəbərlər
Xəbər Lenti