Bu gün Qurban Qurbanovu məhşər ayağına çəkənlər...

26 Fevral 2024 20:00 Qarabağ 2 331
Bu gün Qurban Qurbanovu məhşər ayağına çəkənlər...

"Qarabağ" Azərbaycan futbolunda yeni tarix yazdı.

Belə ki, təmsilçimiz Avropa Liqasının pley-off mərhələsində Portuqaliya klubu "Braqa"nı iki oyunun cəmində 6:5 məğlub edərək 1/8 final mərhələsinə yüksəldi.

Oyundan sonra mətbuat konfransında bir qələbəlik vardı.

Böyük uğurun gətirdiyi bütünlük vardı.

Günün yorğunluğu, 120 dəqəqinən stresi qələbənin kölgəsində qalmışdı.

Baş məşqçi Qurban Qurbanova ünvanlanan hər sualın, xoş sözün durğu işarəsində belə sevinc yatırdı.

Və bu an ağlıma 2 avqust Bakı Olimpiya Stadionun mətbuat zalında yaşananlar gəldi.

Söhbət Çempionlar Liqasının təsnifat mərhələsində Polşa çempionu "Rakov"la Bakıda baş tutan cavab görüşündən gedir.

İki oyunun cəmində rəqibinə 3:4 məğlub olaraq mübarizəni dayandıran "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun oyun sonrası mətbuat konfrasında bir anarxiya yaşanmışdı.

Böyük uğurların memarına elə suallar ünvanlanmış, elə qınaqlara tuş gətirilmişdi ki...

Yaxşı xatırlayıram, hər kəsin çox soyuqqanlı və səbrli adam kimi tanıdığı Qurbanovun belə "partlamasına" bir şey qalmamışdı.

Bu mövsüm ilk və hələki son məğlubiyyətimiz olan (yekun nəticə olaraq) həmin qarşılaşmadan sonra illərdi uğurları sıraya düzən adamı sanki məhşər ayağına çəkmişdilər/ cəhd etmişdilər.

Hardadı o adamlar? Mən görmədim - Gizlənmişdilər, yoxsa heç gəlməmişdilər deyə bilmərəm.

Amma deyəcəklərimi eşidəcəklərinə dəqiq əminəm.

Dostlar, böyümək, böyük olmaq təkcə "Braqa" zəfərlərində olmur.

Həm də məğlubiyyətlərdə olur.

Məncə, "Qarabağ"ın təkcə hər uğurda yox, həm də elə məğlubiyyətlərdə "Braqa" zəfərindən sonrakı bütünləşməyə, vahidləşməyə, bir olmağa ehtiyacı var.

Hər məğlubiyyətdə "Qarabağ"ı bitirməyə, Qurban Qurbanovun tükəndiyini hayqırmağa gərək yoxdur.

Axı bunun bu günü də var.

Kiməsə, nəyəsə görə də yox, elə bu gün üçün bir olmaq mütləqdir. Bu, həm də böyümək, böyük olmaq deməkdir.

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti