“Qarabağ” Portuqaliyadan “Braqa” üzərində 4:2 hesablı qələbə ilə qayıtdı.
Oyunda dördüncü qolun ötürməsini verən Toral Bayramov Sportinfo.az-ın matçla bağlı suallarını cavablandırıb.
- Hesab hər kəsi şoka saldı. Bu cür sonluq və nəticə gözləyirdin?
- Qələbəyə inamım var idi. Amma bu cür hesab gözləmirdim, açığı. Əksər oyunlarda qol imkanlarımız olsa da, bəzən dəyərləndirə bilmirdik. Bu dəfə fürsətlərdən maksimum istifadə etdik və lazım olan qələbəni əldə etdik. İşin asan tərəfini həll etmişik, çətin tərəfi qalıb. Cavab matçı çox ağır olacaq.
- Güclü rəqibi, həm də səfər qarşılaşmasında nəyin hesabına üstələdiniz?
- Verilən tapşırıqları yerinə yetirməyin və əzmkarlığın hesabına.
- İkinci hissədə oyuna qoşuldun və məhsuldar ötürmənin müəllifi oldun. Meydana daxil olan əsas tapşırıq müdafiəyə kömək etmək idi, yoxsa hücuma dəstək vermək?
- Oyunu kənardan izləyirdim və hədsiz istəkli idim. Baş məşqçidən mənə şans verəcəyi anı gözləyirdim. Düzünü desəm, qol vurmaq istəyirdim. İçimdə hiss var idi ki, qol vurmasam da, qolun vurulmasında iştirak edəcəyəm. Şükürlər olsun ki, Allah bunu mənə nəsib etdi. Məşqçilər heyəti nə tapşırıq vermişdisə, yerinə yetirməyə çalışdım.
- Nəriman Axundzadə son saniyələrdə real qol fürsətini boşa verəndən sonra göz yaşlarını saxlaya bilmədi. Yaxın dost olduğunuzu nəzərə alsaq, Nərimanın oyundan sonrakı durumu barədə səndən eşitmək maraqlıdır.
- Pis olmuşdu, çox pis idi. O da qol vurmaq üçün alışıb-yanırdı. Hədsiz məyus idi deyə, komanda yoldaşı olaraq ona təsəlli verdik. Hələ gəncdir, qarşıda bu cür oyunları çox olacaq. İnanıram ki, əlinə bir də belə imkan düşsə, dəyərləndirəcək.
- Matç başa çatandan sonra rəqib futbolçular sizi təbrik etdilər?
- Həmin an çox sevincli idik deyə, açığı, kimin təbrik edib-etmədiyini dəqiq görmədim. Amma təbrik edənlər oldu.
HƏBİB

