“Qarabağ” Avropa Liqasının pley-off mərhələsinin ilk matçında “Braqa”nı məğlub etməklə bütün Portuqaliyaya şok yaşatmış oldu.
İndi rəqib cəbhədə hər kəs Bakıdakı cavab qarşılaşmasını gözləyir.
Hər halda komandanın baş məşqçisi Artur Jorjenin Portuqaliya çempionatının son turunda "Farense"yə qalib gəldikləri oyundan (2:1) sonra mətbuat konfransındakı açıqlamaları belə düşünməyə əsas verir.
Sitat: "Əlbəttə, "Qarabağ"la oyuna fərqli əhval-ruhiyyədə yollanacağıq. Artıq diqqətimizi Bakıdakı oyuna yönəltməyə başlayacağıq. Son dəqiqəyə qədər mübarizə aparacağıq ki, hesabı xeyrimizə dəyişək".
Göründüyü kimi, yerli mütəxəssis hələ də Azərbaycan təmsilçisinə acı məğlubiyyəti unuda bilmir.
Unutmaq nədir, hətta böyük şövqlə qisas üçün hazırlaşır.
O, zədə səbəbinən ilk oyunu buraxan Rikardo Hortanın ikinci qarşılaşmada meydanda olacağının müjdəsini də verib.
Maraqlıdır, Jorjenin qayıdışına sevindiyi Rikardo Hortan kimdir?
29 yaşlı futbolçu “Benfika”nın yetirməsdir. “Benfika”dan başqa vətənində “Setubal” və İspaniyada “Malaqa”nın şərərfin qoruyub.
2017-ci ildən “Benfika”nın futbolçusudur.
Elə karyerasının ən parlaq günləri də burada keçib. Braqa təmsilçisində meydana çıxdığı 358 oyunda 121 qol, 69 asistlə yadda qalıb.
Öncəki illərdə olan performansı bizə o qədər də maraqlı deyil.
Bəs hazırkı dövrdə “Braqa” üçün hansı əhəmiyyəti var?
Bu mövsüm 36 oyunda forma geyinib və 11 qol, 12 asistlə yadda qalıb.
Həmin görüşlər arasında Çempionlar Liqasında rəqib kimi üz-üzə gəldiyi “Real Madrid”, “Napoli” kimi komandalar da yer alır.
Portuqaliya millisində 12 matç keçirən Hortanın aktivində 4 qol, 1 asist var.
Göstəricilərinə baxarsaq, birmənalı şəkildə demək olar ki, ciddi fərq yarada biləcək fiqurdur.
Elə oyunlarına baxanda da eyni fikirdə olmamaq mümkün deyil.
Cinah futbolçularına xas çevikliyi var.
Cərimə zərbələrindən və uzaq məsafələrdən baxımlı qollar vurmağı xoşlayır.
Elə cərimə meydançasının daxilində də özünü pis hiss etmir.
Qısası, hazırda 20 milyon avro qiyməti olan Hortan Bakıda meydana ayaq bassa, “Qarabağ”lı futbolçuların iki qat diqqətli olması lazımdır.
Kristian Ronaldonun millidəki komanda yoldaşı kiçik imkandan maksimum fayda almasını bacarır.
Deməli, baş məşqçinin onun qayıdışını xüsusi qeyd etməsi heç də boşuna deyil.
Amma ümid edək ki, Qurban Qurbanov və komandası 22-si nəinki Horta, bütün “Braqa” futbolçularının növbəti mərhələ ümidlərini boşa çıxarmış olacaq.
XANOĞLAN İMANOV

