Şahruddin Məhəmmədəliyev 2016-cı ildə "Sumqayıt"dan "Qarabağ"a transfer olunmuşdu.
İki mövsüm İbrahim Şehiçin, iki mövsüm isə Vaqner Da Silvanın əvəzləyicisi olaraq ehtiyatda oturdu.
Bəzən üçüncü qapıçı statusunu da daşıdı.
Məhz 2020-ci ildə braziliyalı qolkiper Ağdam təmsilçisini tərk edəndən sonra Qurban Qurbanov "bir nömrə" statusunu dağıstanlıya həvalə etdi.
Və "Anji" yetirməsinin "Qarabağ"dakı əsas heyətli günləri 2020/21 mövsümündən start götürdü.
Ta ki, ötən yay "Adana Demirspor"a transfer olunana kimi.
"Şah" əsas qapıçı hesab olunduğu son 3 mövsümündə "Qarabağ"ın uğurlarında az əməyi olmadı.
Bəzən hər şeyin bitdiyini düşündüyümüz anda məhz onun seyvləri üzləri güldürüb, "Qarabağ"a Avropa səhnəsində yeni cığır açıb.
Bu, onun vəzifəsi idi. Axı klubdan yetəri qədər yaxşı maaş, bonuslar alırdı. Və qarşılığında az təşəkkür eşitmirdi.
Amma ona görə ölüb-dirildiyimiz matçlar da az olmadı.
Buraxdığı çox kobud xətalar "Qarabağ"ı Çempionlar Liqasının qrup mərhələsindən, Avropa Liqasının pley-off mərhələsindən kənarda buraxacaq qədər böyük olurdu.
Son dövrlər isə adət etmişdi. Sanki belə də olmalıymış kimi davranırdı.
Bilirik ki, Qurban Qurbanovun xarakterli futbolçulara xüsusi rəğbəti var.
Millimizin qolkiperində də bir döyüşçü ruhu vardı.
Bəlkə də məhz buna görə təcrübəli mütəxəssis illərlə ona səbr etdi.
Ona görə qarşılaşdığı bütün tənqidlərə sinə gəldi.
Özünü qabağa verdi, futbolçusunun müdafiəsinə qalxdı.
Amma "Qarabağ"dan başqa heç yerdə ona bu qədər səbr etməzdilər.
Heç etmədilər də. İlk fürsətdə ehtiyat skamiyanı göstərdilər.
Bildiyiniz kimi Şahruddin yaydan Türkiyənin "Adana Demirspor" klubunda çıxış edir.
İlk vaxtlar ehtiyatda oturan qapıçı qısa müddətdə əsas heyət üzvünə çevrilə bilmişdi.
Lakin bunun davamlı olmayacağı gün kimi ortada idi.
Çünki alışdığımız səhvləri onun timsalında Türkiyə çempionatında da görürdük.
Sadəcə xətaları qolla nəticələnmirdi.
Bu dəfə o da baş verdi.
Super Liqanın 26-cı turunun "Alanyaspor"la səfər qarşılaşmasının 33-cü dəqiqəsində hamımıza tanış olan formada topu rəqib futbolçuya hədiyyə edincə qapısında qol gördü.
"Qarabağ"ın 3 ildən artıq səbr etdiyi oxşar səhvlərə "Adana Demirspor"da 12 dəqiqədən artıq göz yummadılar.
Elə fasilədəcə baş məşqçi Hikmət Karaman milli komandamızın çərçivə qoruyucusunu əvəzlədi.
Türkiyə futbolunu az-çox tanıyanlar yaxşı bilir ki, bu ölkədə heç ulduz futbolçuların, qəhrəman oyunçuların böyük limiti olmur.
O ki, qalmışdı hansısa sıradan Şahruddin ola.
Sabiq "Qarabağ"lının möhkəm iradə sahibi olmasını bilirik.
Bu dəfə yalnız iradə göstərmək yox, həm də ağıllanmaq lazımdır.
Ki, illərdi vərdiş halına gətirdiyi oxşar xətaları tərk etmək barədə ciddi-ciddi düşünsün.
Əks halda, çətin ki, hardasa "Qarabağ"dakı qədər güzəşt və şans almış ola.
XANOĞLAN İMANOV

