Qurban Qurbanovun "Qarabağ"dakı uğurlarının kökündə sadə görünən, amma çox dərin yanaşma var.
Əksər vaxt şahid olmuşam ki, kütlənin böyük pafosla tənqid etdiyi məsələyə bir cümlə ilə elə şərh verib ki...
Məsələn, Avropa Liqasının pley-off mərhələsinin ilk matçındakı "Braqa" zəfərindən sonra olduğu kimi.
Təmsilçimiz səfər meydanında oynamasına baxmayaraq Portuqaliya təmsilçisi üzərində parlaq qələbə qazandı - 4:2.
Parlaq qələbə, möcüzəvi nəticəyə rəğmən narazılıq doğuran məqamlar da yox deyildi.
Andrey Lunyovun bir neçə epizodda inamsız çıxışı, Nəriman Axundzadənin 100%-lik qol imkanını qaçırması və 4:1 hesablı qələbəyə dəqiqələr qalmış Mateus Slivanın qapımıza penalla nəticələnən qayda pozuntusu.
Rusiyalı qapıçıya yönələn iradlarla razılaşmamaq mümkün deyil. Gözlədiyimiz, ona yaraşan performans sərgiləmədi.
Amma Nəriman və Silva...
Nərimanın qaçırdığı epizoda əminəm ki, əksəriyyətimiz "Bu da azərbaycanlı futbolçu... Şans veriblər dəyərləndir də... Sən elə ehtiyatda qalsan yaxşıdır..." tipli atmacalarla reaksiya verdi.
Amma Qurbanov oyunsonrası mətbuat konfransında həmin epizodun gələcəkdə daha yaxşı Nəriman görməyimizə faydası olacağını bildirdi.
Silvanın yol verdiyi qayda pozuntusunda isə braziliyalını topa-gülləyə tutduq. Ki, darmadağına sevinməyə hazırlaşdığımız məqamda bu nə müdaxilə idi?
Lakin Qurbanov qapımıza təyin olunan penalı daha çox rəqib futbolçunun səviyyəsinə bağladı.
Bizim fikirləri oxuyan Nəriman həftələrlə özünə çətin gələr. Bəlkə də "məndən futbolçu olmaz" fikrinə düşüb futbol oynamaq həvəsini qaçırmış olar.
Bəli, təcrübəli baş məşqçi də bizə qoşulub mətbuat konfransında futbolçusunu tənqid edəsi deyildi. O, bu xarakterdən çox uzaqdır. Dəstək olması anlaşılandı.
Lakin Qurbanov bir cümlə ilə təkcə dəstək olmadı, həm də ona işıq verdi. İndi əvvəlkindən daha əzimkar olmaq ruhu yaratdı. Məsuliyyətini artırdı.
Ortada iki yanaşma var - Biz silmək, Qurbanov qazanmaq yolunu tutub.
15 ildə olduğu kimi...
XANOĞLAN İMANOV

