“Qarabağ”ın Portuqaliya səfərindən 4:2 hesablı qələbə ilə qayıtması ölkəyə səs saldı.
Ölkə futbol təsərrüfatında çalışanlar və vaxtilə yaşıl meydanlarda tər tökənlər “Braqa” ilə qarşılaşmanı “28 Mol”un “Cinemaplus” kino zalında izləmək imkanı qazanmışdı.
Bu fürsəti yaradan isə Peşəkar Futbol Liqası idi.
Ölkədaxili yarışların təşkilinə və keçirilməsinə cavabdehlik daşıyan qurum futbol ailəsini bir yerə toplamaqla yaddaqalan tədbirin baş tutması münasibəti ilə alqış qazandı.
150-yə yaxın qonağın arasında Azərbaycan millisinin sabiq futbolçuları, ölkə futbolunun tanınmış simaları, AFFA rəsmiləri, jurnalistlər və “Qarabağ”ın stajlı azarkeşləri yer almışdı.
Qonaqlara iri həcmli monitorda futbola baxmaq imkanı yaradılmaqla yanaşı furşet masası da hazırlanmışdı ki, xüsusi diqqət və qayğıya görə PFL-dəki dostlarımıza təşəkkür etmək yerinə düşər.
“Qarabağ”ın hər vurduğu qol zaldakıların davamlı alqış sədaları ilə müşahidə olunurdu. Susmaq bilməyən azarkeşlər isə özlərini “Munisipal”da hiss edirmiş kimi zaman-zaman bəstələr oxuyur, kino zalında arenalarda gördüyümüz ab-havanı yaradırdı.
Morten Kroqun səsləndirdiyi final fitindən sonra hamı “Qarabağ”ı və yüksək təşkilatçılıq bacarığına görə PFL rəsmilərini təbrik etdi.
HƏBİB / SPORTİNFO.AZ

