Portuqaliyada “Braqa” üzərində 4:2 hesabı ilə inamlı qələbə qazanan “Qarabağ” vətənə dönüb.
Azərbaycan çempionunu Portudan Bakıya gətirən çarter reysli təyyarə saat 10.40-da eniş etməli olsa da, mənzil başına 50 dəqiqə gec çatıb.
Buna “Qarabağ”ın stadionu planlaşdırılan vaxtdan gec tərk etməsi və havaya qalxışın buna görə yubanması səbəb olub.
Oyundan dərhal sonra meydanda kifayət qədər fəal görünən “Qarabağ”ın futbolçusundan dopinq testin götürülməsi planda dəyişikliklə nəticələnib.
Futbolçular çıxış qapısına yaxınlaşanda üzlərindəki yorğunluğu hiss etmək çətin deyildi.
Sanki “Braqa”nı meydanda yox edən bu futbolçular yox, onların yolunu gözləyən azarkeşlər idi. 7 saatlıq uçuşun yorğunluğu qələbə ab-havasını unutdurmuşdu sanki.
Yazılı mətbuat nümayəndələri, televiziya müxbirləri, 10-a yaxın azarkeş, hətta hava limanının işçiləri “Qarabağ”lıların yolunu səbrsizliklə gözləyirdi. Müsahibə almaq, şəkil çəkdirmək, hədiyyə təqdim etmək istəyənlərin həvəsi anlaşılan idi.
Qurban Qurbanovun üzünə təbəssümün qonması yaxşı mənada təəccübləndirdi. Səfərdə əldə olunan qələbə baş məşqçinin əhvalını az da olsa yüksəltmişdi.
Məşhur azərbaycanlı kikboksçu Zabit Səmədovla birlikdə addımlayan Qurbanov təbrikləri qəbul edib, kameralar önünə keçdi.
Səfər qələbəsinə baxmayaraq, klub və komanda üzvləri narahatlıq içindədir.
“Braqa”nın təcrübəsini və heyətindəki futbolçuların bacarığını nəzərə alan “Qarabağ”lılar fevralın 22-dəki oyununun kifayət qədər ağır keçəcəyinin fərqindədirlər. Bunu bilmək üçün üz cizgilərinə baxmaq kifayət etdi.
HƏBİB / SPORTİNFO.AZ

