"Qarabağ" üçün Braqada parlayan gecədən MARAQLI VİDEO

19 Fevral 2024 23:40 Qarabağ 621
"Qarabağ" üçün Braqada parlayan gecədən MARAQLI VİDEO

15 fevral, saat 00:00-da futbol ictimaiyyətinin bütün nümayəndələri kimi bizim də ağlımız, düşüncəmiz Portuqaliyada, amma gözlərimiz isə "28 mol"un "CinemaPlus" zalının böyük ekranında idi.

Axı məhz bu dəqiqədə "Qarabağ" Avropa Liqasının pley-off mərhələsinin ilk matçı üçün Portuqaliyada meydana çıxacaqdı.

Peşəkar Futbol Liqasının əla təşkilatçılığı ilə təşkil olunan və böyük ekranda tarixi qarşılaşmanı izləmək üçün dəvət olunanalar arasında bəndəniz də vardı.

Başqa kimlər yox idi ki...

Tanınan veteran futbolçularımız, çox sayda həmkarımız, "İmarət" azarkeş qrupunun fəal üzvləri və.s.

NARAHATLIQ

Görüşün start fitindən sonra zalda bir neçə dəqiqəlik sükut yaşandı. Sanki hər kəs qonaq meydanında ilk 10-15 dəqiqəlik ən çətin periodun necə bitəcəyinin qayğısını çəkirdi.

ERKƏN POZULAN SÜKUT

Zalda ilk canlanma 21-ci dəqiqədə yaşandı. Ardıcıl iki epizodda "Braqa" futbolçuları cərimə meydançasında qayda pozuntusuna əl atdılar. Birincidə susan fit ikinci epizodda onbir metrlik nöqtəni göstərmək üçün səsləndi. "Qarabağ", "Qarabağ" şuarlarından sonra VAR-dan gələn cavab üçün salona çökən sükut Marko Yankoviçin qolu ilə darmadağın oldu.

Davamında çox intizamlı təsir bağışlayan, topa sahib olmanı ələ keçirən "atlılar" uzun müddət hamımıza bir aramlıq verdi.

44-cü dəqiqədə "İmarət" üzvləri ənənəvi olaraq şəhidlərimizin əziz xatirəsini yadd etdilər.

Fasiləyə saniyələr qalmış Lunyovun çıxışdakı səhvindən sonra rəqib bərabərlik qolunu vura bildi.

15 dəqiqəlik istirahət çoxumuzun bir-birinə verdiyi "görəsən, komandamız buraxdığı qolun psixoloji yükünü üzərindən ata biləcəkmi" - sualına cavab axtarmaqla keçdi.

İkinci yarının startı göstərdi ki, Qurban Qurbanov bunu əla bacarıb. Hər halda, 54-cü dəqiqədə Zubirin vurduğu qol belə düşünməyə əsas verirdi.

BÖYÜKSƏN "QARABAĞ"

Məntiqlə ən azı bundan sonra doğma divarlar arasında çıxış edən "Braqa"nın təşəbbüsü ələ alacağı, hücumları sıraya düzəcəyi gözlənilirdi.

Lakin Ağdam təmsilçisi buna imkan vermək fikrində deyildi.

Qayalıqlar arasında məskən salan vahiməli "Munisipial" stadionu sanki "atlılar" üçün çox doğma bir arena idi. Yəni meydanda bu qədər sərbəst, baxımlı, nizamlı futbol oynayan bir qonaq komanda var idi. Bu dəqiqələrdə təmsilçimizin nə qədər böyük olduğunu meydançada əyani görmək mümkün idi. Zəngin təcrübə, parlaq futbol layiq olduğu növbəti iki qolla mükafatını aldı. Öncə 67-ci dəqiqədə Juninyo, 2 dəqiqə sonra Zubir rəqib torunu silkələyəndən sonra "Braqa" tərəfdarları da "Qarabağ"ın böyüklüyünü alqışları ilə etiraf etmiş oldu.

Son dəqiqələrdə Moutinyonun penaldan fərqi azaltması da Azərbaycan futbolu üçün parlayan gecəyə kölgə sala bilmədi.

XANOĞLAN İMANOV

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti