Azərbaycanlı futbolsevərlərin ürəyi bu dəqiqələrdə “Qarabağ”la döyünür.
Ölkəmizin Avropadakı layiqli təmsilçisi bu gün Portuqaliyada çətin və ağır sınaq qarşısındadır. Rəqibimiz özünəməxsus oyun üslubu ilə seçilən, sürətli futbol sərgiləyən “Braqa”dır.
Sözsüz, hər birimizin içində ilk görüşün yekun nəticəsi ilə bağlı çox ciddi şübhələr dolaşır. Rəqibin adı, təmsil etdiyi ölkə və Çempionlar Liqasının qrupundan gəlməsi “köhlən atlar”ın növbəti mərhələyə adlamaq şansının üstünə ağır daş qoyub.
Vəziyyət həqiqətən də kritikdir. O dərəcədə ki, ağdamlıların Bakıya darmadağın olmadan qayıtması üçün dualarımızı əsirgəməməliyik.
“Braqa”nın xeyrinə işləyən başlıca amil doğma divarlar və “Munisipal”da xoş təsir bağışlamasıdır. Bu komanda ötən ilin sentyabrından bu yana öz meydanında keçirdiyi 16 oyunun yalnız 3-də məğlub olub.
Uduzduğu komandalardan biri köklü “Benfika”dır, digər ikisi Avropa nəhənglərindən hesab olunan “Napoli” ilə “Real Madrid”.
Məhsuldarlıq amilini əsas üstünlükləri kimi göstərmək olar. Az qala hər matçda qol vuran, rəqib qapısına yol tapmadığı oyunların sayı ən pis halda bir əlin barmaqları qədər olan braqalıların hücum xətti kifayət qədər “diş”lidir.
Bruma zədə səbəbindən oynamayacaq. Simon Banzanın əsas heyətdə yer alacağı da inandırıcı görünmür.
Onlar olmasa belə, irəli xətdə Abel Ruiz, Alvaro Dyalo, Rikardu Horta kimi qolçular var. Hər biri özünə görə üstünlüyə malikdir.
“Qarabağ”ın bugünkü narahatlığı müdafiə xətti ilə bağlıdır ki, tərslikdən “Braqa”nın hücum potensiallı oyunçuları güclüdür.
Arxa xəttin dirəyi hesab olunan Kevin Medinanın yoxluğu rəqibin xeyrinə işləyən amildir. Müdafiədə kolumbiyalı kimi “divar” olmayanda rəqib futbolçular özlərini kifayət qədər rahat hiss edir.
Kevin cüssəsi və sərtliyi hesabına “Braqa”lıların gözünün odunu ala bilərdi. Andrey Lunyovun son qarşılaşmalarda buraxdığı qolları Portuqaliyada mütləq izləyiblər. Rusiyalı orada Azərbaycandakı kimi oynasa, sonluq yaxşı olmayacaq.
Saat fərqi, 7 saatlıq səfər, yorğunluq – bunlar da var, amma o dərəcədə qlobal problem deyil.
İlk dəfə hansısa ortabab Avropa komandasına qarşı görüşdə bu dərəcədə narahatlıq yaşanır. Hansı istiqamətə baxırsan, soyuq fevral gecəsində ay “Braqa” tərəfə işıq saçır.
Amma yenə də inanırıq. İnanırıq ki, “Qarabağ” əzmi, mübarizliyi, avrokubok təcrübəsi və bəzi hallarda bəxt ilk matçın istədiyimiz nəticə ilə başa çatmasına şərait yaradacaq.
Uğur olsun!
HƏBİB / SPORTİNFO.AZ

