«Qarabağ»ı gələn həftə bəlkə də mövsümün ən ağır sınağı gözləyir.
Avropa Liqasının pley-off mərhələsində «Braqa» önünə çıxacaqlar.
Tarixində ilk dəfə avrokuboklarda qrupdan çıxan «Qarabağ» daha bir şans yaxalayıb. Nə olacaq, nə olmayacaq, bunu Qurban Qurbanovdan çox düşünən yoxdur.
İndi qayğı içindədir o. Niyə də narahat olmasın, «Braqa» ilə ilk qarşılaşma öncəsi komandası qapısından 4 qol buraxıb. «Qarabağ»a aid yeni statistikanın açıqlanmasını gözləyirəm.
Bilmək istəyirəm ki, Azərbaycanda axırıncı dəfə və hansı komanda «Qarabağ»a bu qədər qol vurub. Şəxsən bəndənizin yadına gəlmir, üzrlü sayın.
«Sabah»la dünənki kubok qarşılaşmasını «Braqa»nın «casuslar»ı da izlədi. Portuqaliyadan 2 nəfərin bu məqsədlə Azərbaycana gəlməsindən xəbərdaram.
Ola bilsin, Qurban Qurbanov komandasını onlardan gizlətmək üçün heyətdə müəyyən rotasiyalara əl atmışdı. Futbolçuların mövqeyində da yerdəyişmə etmişdi.
«Qarabağ» Masazırda qazandığı 7:1 hesablı qələbə ilə yarımfinal qapısını taybatay aralamışdı. Bunun da rahatlığı və arxayınlığı var idi komandanın dünənki oyununda.
Amma... Fərdi səhvlərin çoxluğu ciddi siqnaldır.
«Braqa» «Sabah» deyil, ondan qat-qat güclüdür. Gənc və sürətli rəqibdir. 15-20 dəqiqəlik pressinq etməklə kifayətlənmirlər.
Onu 90 dəqiqəyə yayırlar. Hesabı erkən də açsalar, gec də açsalar, ritmi aşağı salmırlar.
«Qarabağ» hər bir ssenariyə hazır olmalıdır. Formal xarakterli oyunda qapısında 4 qol görən komandanın indi toparlanması mütləqdir
Bütün ehtimallara qarşı.
MUSA

