“Qarabağ”ın 15 yaşadək futbolçulardan ibarət komandası Belarusda keçirilən beynəlxalq turnirdə mübarizəyə başlayıb.
Sportinfo.az xəbər verir ki, Vüqar Əsgərlinin baş məşqçi olduğu kollektiv Minsk şəhərində təşkil olunan “Bizim gələcəyimiz” turnirinin ilk turunda Rusiya “Zvezda”sı ilə görüşüb.
B qrupunda yer alan “köhlən atlar” bu qarşılaşmada 2:0 hesabı ilə qalib gəlib. Hesabı 9-cu dəqiqədə Əli Bəşirov açıb.
Bu qoldan 4 dəqiqə sonra Ağdam təmsilçisinin akademiyasının baş koordinatoru Aftandil Hacıyevin qapıçı oğlu Bilal Hacıyev penaltini dəf edərək rəqibin hesaba tarazlıq gətirməsinə imkan verməyib.
Murad İbrahimovun 21-ci dəqiqədə fərqlənməsi isə “Qarabağ”ın üstünlüyünü iki topa çatdırıb.
Vüqar Əsgərlinin rəhbərlik etdiyi komanda qrupdakı digər iki matçını bu gün keçirəcək. “Qarabağ” öncə Rusiya “Olimpik”i, ardınca Belarus BATE-si ilə qarşılaşacaq.

