Sabah Azərbaycan Kubokunda ¼ final mərhələsinin cavab oyunlarına start veriləcək.
Masazırda “Sabah“a 7:1 hesabıyla qalib gəlmiş “Qarabağ“ sabah Tofiq Bəhramov adına Respublika stadionunda formal xarakterli qarşılaşmaya çıxacaq.
Bu görüşü izləyənlər arasında “Braqa“nın 2 nümayəndəsi də olacaq.
Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev Sportinfo.az-a bildirib ki, Portuqaliya təmsilçisi bu barədə onları məlumatlandırıb.
Qarşı tərəfin Bakıya səfərinin məqsədi aydındır - Avropa Liqasının pley-off mərhələsində rəqib olduqları “köhlən atlılar“ın son turu ilə yerində tanış olmaq.
Bundan öncə “Qarabağ”ın video-analitik məşqçisi Yanuş Vasilyev sözügedən ölkədə olub. Qurban Qurbanovun yardımçısının tribunadan izlədiyi oyunda “Braqa” qələbə qazanıb.
Adıçəkilən komanda Portuqaliya çempionatının XX turunda öz meydanında “Moreyrense”ni üstələyib.
Abel Ruizin 8-ci dəqiqədə vurduğu yeganə qol “Braqa”ya 1:0 hesablı qələbə qazandırıb. Turnir cədvəlinin 4-cü pilləsində qərarlaşan Artur Jorjenin kollektivi bu nəticə sayəsində xallarının sayını 40-a çatdırıb.
"Qarabağ” “Braqa” ilə ilk oyununu fevralın 15-də səfərdə, cavab görüşünü isə 22-də evdə keçirəcək.

