“Qarabağ”ın futbolçularına hədsiz maraq var.
Xüsusən gənc və yeniyetmə azarkeşlər oyunçulardan futbolka istəyir, imza xahiş edir.
Belə bir hal növbəti dəfə “ASCO Arena”da yaşandı.
“Səbail” – “Qarabağ” qarşılaşmasının birinci hissəsində azyaşlı fanat yeni transfer Aleksey İsayevin formasına qovuşmaq üçün ona plakatda müraciət hazırlamışdı:
“Aleksey, xahiş edirəm, formanı mənə ver”.
Birinci hissədə uyğun yer seçməyən azarkeş İsayevin onu görməyəcəyini anlayıb, fasilədə yerini dəyişdi. Daha uyğun məkana – futbolçunun matçdan sonra paltardəyişmə otağına gedəcəyi yolun üstündəki tribunaya üz tutdu.
Elə Alekseyə futbolka sevgisini də buradan çatdırdı. “24 nömrə” həmin an xahişi yerinə yetirməsə də, deyilənə görə, azyaşlı sonradan istəyinə çatıb.
HƏBİB / SPORTİNFO.AZ

