Sizi “Qarabağ”dan getməyə kim məcbur etmişdi?

5 Fevral 2024 21:20 Qarabağ 8 289
Sizi “Qarabağ”dan getməyə kim məcbur etmişdi?

“Qarabağ” son 10 ildə təkcə avrokuboklarda uğurlu nəticələrə imza atması ilə seçilmir.

Bu klub həm də bir çox yerli və əcnəbi futbolçular üçün tramplin rolunu oynayır.

Azərbaycanlı oyunçuların “Qarabağ”ı xarici klublara dəyişməsi anlaşılandır. Artırmaq, legioner həyatı yaşamaq həvəsi çempion olmaq, avrokuboklarda oyun təcrübəsi qazanmaq reallığını üstələyir.

Lakin söhbət əcnəbilərdən gedirsə, bəli, “Qarabağ” onlar üçün bahalı vitrdindir. Sıradan liqalardan gəlib imkanlı klubların diqqətini çəkirlər.

Bir müddət ağdamlıların heyətində çıxış edib, sonra tanınmış liqalarda top qovmağa, ya da daha çox pul qazanmağa can atırlar.

Təəssüf ki, “Qarabağ”dan gedəndən sonra buradakı qədər uğurlu ola bilmirlər. Ya sıradan oyunçuya çevrilirlər, ya da yenidən Qurban Qurbanovun səxavətinə bel bağlayırlar.

Muarem Muarem

“Qarabağ”ı ilk tərk edənlərin başında dayanır. 2012-ci ilin yanvarından “köhlən atlar”ın uğurları üçün tər tökən makedoniyalı Türkiyə klublarının diqqətini çəkmiş, 2015-in yayında “Eskişehirspor”a yollanmışdı. Super Liqada cəmi yarım saat şans qazanan Muarem 6 aydan sonra “Qarabağ”a qayıtmışdı.

Reynaldo

Azərbaycandakı parlaq çıxışı braziliyalının da Super Liqaya yolunu açmışdı. “Qarabağ”da 4 il möhtəşəm oyunu ilə diqqət çəkən “9 nömrə” “Adanaspor”dakıların diqqətini çəkdiyindən, qardaş ölkəyə üz tutmuşdu. Ancaq Reynaldo da Türkiyəyə oynaya bilmədi. 1 ildən artıq müddətdə “Adanaspor”da qol vura bilməyincə, oradan “Aktobe”yə getdi, yenidən “Qarabağ”a qayıtdı.

Riçard Almeyda

2012-ci ildən 2018-ci ilə qədər “Qarabağ”ı onsuz təsəvvür etmək mümkün deyildi. Komandanın “ürəyi” hesab olunurdu və kifayət qədər xoş təsir bağışlayırdı. Mühiti dəyişmək həvəsi ilə “Aktobe”yə üz tutmuşdu. Riçardın Qazaxıstan karyerası vur-tut 6 ay çəkdi. Yenidən “Qarabağ”a üz tutdu, bir müddət oynadı, Birləşmiş Ərəb Əmirliklərinə getdi, “Bani Yas”da 8-9 ay keçirib “Zirə”ylə anlaşdı və yenə “Qarabağ”da peyda oldu.

İbrahim Şehiç

“Qarabağ”dan ayrılandan sonra üzünə günəş doğan ilk və sonuncu futbolçudur. 5 il Azərbaycanda top qovandan sonra (2013-2018) vaxtilə həzzini yaşadığı Super Liqaya dönmək qərarını verməklə doğru addım atdığını öncə “Erzurumspor”da, ardınca “Konyaspor”da sübut etmişdi. Super Liqanın sayılıb-seçilən qapıçılarından olmaqla yanaşı, kapitan sarğısını qoluna taxmışdı.

İbrahima Vadji

Reynaldo ilə Dino Ndlovunun gedişindən sonra “Qarabağ”a çox sayda hücumçular gəlib-getsələr də, Vadji öz oyunu ilə Dinonu unutdurmağa başlamışdı. Bütün yarışlarda iştirak etdiyi 36 matçda vurduğu 20 qolla Avropa klublarının diqqətini çəkmişdi ki, “Sen-Etyen”dən gələn təklif seneqallını Fransaya getməyə həvəsləndirmişdi. Vadji ilyarımdır “Sent-Etyen”dədir. Ötən mövsüm vurduğu qollarla alqış qazansa da, cari mövsümdə kölgədə qalmaqla diqqət çəkir. İşlərinin plana uyğun getmədiyi gün kimi aydındır.

Ovusu Kvabena

“Qarabağ”ın 2019-un qışında böyük ümidlərlə transfer etdiyi qanalı hücumçu bir mövsüm “Ankaragücü”ndə icarədə oynayıb Azərbaycana qayıtmışdı. Türkiyədən qayıdandan sonra inamlı görünən Ovusunun “Olimpiakos”, “Nant”, “Frayburq”, “Ferentsvaroş”, “Sürix” kimi komandaların qapısına qol vurması “Ferentsvaroş” rəsmilərinin nəzərindən qaçmamışdı. 2023-ün yanvarında Macarıstana yollandı və indiyə qədər eyni klubda çıxış edir. “Qarabağ”dakı qədər xoşbəxt və məhsuldardırmı? Xeyr!

Kadi Borges

Adı “Qarabağ” azarkeşlərinin dilində gəzən braziliyalının təkcə karyerasının yox, bəlkə də həyatının ən böyük səhvi “Krasnodar”ın milyonlarına aldanması idi. Azərbaycan klubunda möhtəşəm oyunla, vurduğu qollar, verdiyi qol ötürmələri ilə parlaq dönəm yaşayan Kadi Rusiyaya gedəndən sonra itib-batdı. İndi ermənilərin söz sahibi olduğu “Krasnodar”da ikinci dərəcəli futbolçu hesab olunur.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti