Azərbaycan milli komandasının sabiq baş məşqçisi Robert Prosineçkinin yeni iş yeri məlum olub.
2014-cü ilin dekabr ayından 2017-ci ilin noyabrınadək ölkəmizdə çalışmış 55 yaşlı mütəxəssis Monteneqro milli komandasını çalışdıracaq.
Bildiyiniz kimi "Qarabağ"ın legionerləri Marko Veşoviç və Marko Yankoviç də Monteneqro yığmasında çıxış edirlər.
Elə Veşoviçlə söhbətimiz də məhz hamımıza yaxşı tanış olan simanın onun ölkəsinin millisinə təyinat alması ilə bağlı oldu.
- Marko, Prosineçkinin təyinatını necə qiymətləndirirsən?
- Prosineçkinin milli komandamıza təyinatına çox sevindim. Düşünürəm ki, uğurlu addımdır. Onun məşqçilik tərzini bəyənirəm. Bizim milli komandada olan futbolçuların oyun tərzinə uyğun fəlsəfəsi olduğunu düşünürəm. Buna görə də onun gəlişinə sevindim.
- "Qarabağ"da onun rəhbərliyi altında oynamış futbolçular çoxluq təşkil edir. Aranızda onun barəsində müzakirələr olub?
- Bəli. Hər biri ilə onun barəsində danışıqlarımız olub.
- Hansı bilgiləri ala bildin?
- Azərbaycan millisində işlədiyi 3 il ərzində özü haqqında yalnız xoş təəssüratlar saxlayıb. Hər kəs onu pozitiv düşüncələrlə xatırlayır. Eyni zamanda futbolçular onunla işləməkdən məmnunluq ifadə edirlər. Bildirdilər ki, onun dövründə milli komandanın düşərgəsində daim xoş əhval-ruhiyyə hökm sürürdü.
- Ümumiyyətlə, xorvatiyalı mütəxəssislə daha əvvəldən tanışlığın varmı?
- Bəli, şəxsi tanışlığım var. 10 il bundan əvvəl "Srvena Zvezda"da onun rəhbərliyi altında çıxış etmişəm. Birlikdə Serbiya kubokunu qazanmışıq. Hətta Bosniya Hersoqovina millisinin baş məşqçisi olanda da bizim yığma ilə oyunlar zamanı aramızda söhbətlər olub. Şəxsin münasibətimiz var. Çox məmnunam ki, belə bir insanla yenidən bir yerdə çalışacam.
XANOĞLAN İMANOV

