"Qarabağ"a 2 futbolçu vermişik, davamı da gələcək"

24 Noyabr 2022 13:00 Qarabağ 3 298
"Qarabağ"a 2 futbolçu vermişik, davamı da gələcək"

«Tezliklə buradan bir neçə istedadlı yeniyetmə və gənc çıxacaq, hamı onlardan danışacaq».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Xəzər Lənkəran 42»nin direktoru Höccət Hacıyev deyib.

Yeni yaranan və Region Liqasında mübarizəyə başlayan klubun rəhbəri uşaq futboluna diqqət göstərəcəklərini bildirib.

Uzun illər «Xəzər Lənkəran»da mühüm vəzifələr tutmuş funksioner Lənkəranda olan perspektivli uşaqları bir yerə yığacaqlarını bildirib:

"Bizim şəhərdə futbola maraq böyükdür. Potensial da böyükdür. Bu gün «Qarabağ»ın əsas komandasında iki lənkəranlı yetirməmiz var,

Hər kəs Toral Bayramovla Nəriman Axundazadəni tanıyır. Onları kim yetişdirib? «Xəzər Lənkəran».

Həmin uşaqlar bizim vaxtımızda futbolda ilk addımlarını atıb. «Xəzər Lənkəran» son 6 ildə mövcud olsaydı, futbolumuza indiyədək neçə-neçə torallar, nərimanlar bəxş eləmişdi.

«Qarabağ» səviyyəsinə çatacaq uşaqlar yetişdirən şəhərimiz bundan sonra da futbola yeni adlar gətirməyə qadirdir.

Toralın, Nərimanın davamçıları var, onlar da gələcək. Yaratdığımız klub bu işi görəcək. Lənkəranda, ətraf rayonlarda olan yaxşı uşaqları bura toplayacağıq.

«Xəzər Lənkəran» dağılandan sonra xeyli uşağımız ora-bura getdi… «Neftçi»yə gedən kim, «Qarabağ»a gedən kim… Çox oldu belə uşaq.

Akademiyanı tədricən formalaşdıracağıq. Savadlı gənc məşqçilərimiz var".

Digər Xəbərlər
Xəbər Lenti