“Qarabağ”ın Konfrans Liqasının 3-cü təsnifat mərhələsində Kiyev “Dinamo”suna qarşı keçirəcəyi cavab oyununun hakimləri məlumdur.
Avqustun 13-də Bakıda keçiriləcək matçı İngiltərədən olan briqada idarə edəcək.
Görüşün baş hakimi Stüart Attvell olacaq. Ona yan xətlərdə Yan Hussin və Nik Qrinhalq kömək edəcəklər.
Dördüncü hakim funksiyasını isə Lyuis Smit yerinə yetirəcək.
43 yaşlı referi İngiltərə futbolunda kifayət qədər tanınan simadır. 2008-ci ildən Premyer Liqa oyunlarına təyinat almağa başlayıb, 1 il sonra yaxasına FİFA-nın emblemini sancıb.
O, bu müddətdə klub və milli komandalar səviyyəsində kifayət qədər beynəlxalq oyun idarə edib. Lakin baş hakim kimi bizimkilərlə yolu heç vaxt kəsişməyib. Buna baxmayaraq, “Qarabağ”ı yaxından tanıyır.
2024-cü ilin martında – “Qarabağ” səfərdə “Bayer Leverkuzen”lə qarşılaşanda, Stüart VAR hakimi kimi fəaliyyət göstərib. Almanlar həmin oyunda 3:2 hesablı qələbəyə sevinib.
Həmin ilin avqustunda “Qarabağ” Bakıda Zaqreb “Dinamo”su ilə üz-üzə gələndə, ingilis referi Bakıya səfər edib. Xorvatların 2:0 hesabı ilə qalib gəldiyi dueldə o, bu dəfə də VAR-a cavabdehlik daşıyıb.
Əvəzində, “Dinamo”nun oyununu idarə edib. 2011-ci ildə Kiyevdə keçirilən “Dinamo” – “Liteks Loveç” qarşılaşmasında baş hakim olan Attvell bolqarların 0:1 hesablı məğlubiyyətinin şahidi olub.
Buna qədər isə 2011-ci ildə Ukrayna çempionatının prinsipial qarşılaşmasına - “Dinamo” – “Metallist Xarkov” görüşünə əcnəbi hakimlər dəvət olunub ki, 4-cü hakim funksiyasını daşıyan Stüart yenə “Dinamo”nun 1:0 hesablı qələbəsini görüb.
2021-ci ildə “Dinamo” – “Brügge” qarşılaşmasında bu şəxs VAR-a cavabdehlik daşıyıb. Kiyevlilər bu dəfə də uduzmayıb – 1:1.
Göründüyü kimi, səbəbkarın ayağı heç bir halda “Qarabağ” üçün düşərli olmayıb. “Köhlən atlar” hər iki halda uduzub.
Buna baxmayaraq, “Dinamo” üçün düşərli olduğunu deyə bilərik. Stüart Attvellin adı olan 3 oyunun heç birində Kiyev nəhəngi məğlub olmayıb.
Avqustun 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək matç saat 20:00-da başlayacaq.
HƏBİB / SPORTİNFO,AZ
