Çempionlar Liqasında inamlı çıxışı ilə alqış qazanan “Sabah” Danimarka çempionunu mübarizədən kənarlaşdırdı.
Ötən həftə səfərdə “Orhus”a 1:2 hesabı ilə uduzan təmsilçimiz Masazırdakı cavab qarşılaşmasında rəqibini meydana çıxmağa peşamn etdi – 4:0.
Danimarkalıların oyundan əvvəl şad-xürrəm görünmələri ilk görüşdə qazanılan qələbəyə görəydi.
Klubun sosial media səhifələrindəki paylaşımlardan nikbinlik yağır, ölkəmizə təşrif buyuran danimarkalı azarkeşlərin sayı xüsusi şəkildə qabardılırdı.
“Orhus”un etdiyi paylaşımların biri sıradan görünsə də, altında dərin mənanın gizləndiyi sirr deyil.
Klubun əməkdaşları “Bank Respublika Arena”nın tozlu oturacaqlarının şəklini çəkərək onu sosial media səhifəsində yerləşdirib.
Sözsüz, Avropada oyunlardan öncə oturacaqlar təmizlənir, azarkeşlərin rahatlığı üçün maksimum şərait yaradılır.
Yəqin ki, Masazırdakı arenada üzləşdikləri durum onları təəccübləndirib. Elə bu səbəbdən rəngi solmuş, çirkli və tozlu oturacaqların fotolarını izləyicilərə göstərmək həvəsinə düşüblər.
HƏBİB / SPORTİNFO.AZ
