
Sportinfo.az xəbər verir ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov ölkə kubokunun “Sabah”a qarşı final görüşündən öncə keçirilmiş mətbuat konfransında sualları cavablandırıb.
- Hamı üçün çox vacib oyundur. Ən azından final görüşləri elədir ki, bütün klubların azarkeşləri bir yerə toplanır. Bayram kimi olur. Bizim azarkeşlər bizə azarkeşlik edəcək. Neytral azarkeşlər yaxşı futbola baxmağa gələcəklər. Komanda olaraq çalışacağıq ki, ən azından yaxşı oyun göstərəcək. Kubok da əlavə prestijdir. Çempion olmuşuq, amma istərdik ki, finalda yaxşı oyun göstərib, yaxşı nəticə göstərək. "Sabah" yaxşı komandadır. Son vaxtlar çox iddialıdır, gələcək üçün çox böyük işlər görür. Çempionatda 5-ci yerdə olsalar da, komanda bəlkə bu yerə layiq deyildi. Potensialına və fərdi oyunçularına görə daha yuxarıda olmağa layiq idilər. Vasili Berezutski də demişdi ki, kubokda iddialıdırlar, bura kökləniblər. Çox möhkəm kollektivə qarşı oynayacağıq. Belə komandalara qarşı, belə final oyunları oynamaq xoşdur. Klub, futbolçular belə oyunlarda inkişaf edir. Hər iki komandaya uğurlar arzulayıram. Çalışacağıq ki, yaxşı oyun olsun. Xeyirlisi olsun.
- Vasili Berezutski gələndən sonra "Sabah"ı uda bilmirsiz. Əsas hansı planda çətinlik çəkirsiz?
- Bizə qarşı oyunlarda müdafiədə çox səliqəli oynayırlar. Çox diqqətli olurlar. Fərdi keyfiyyətləri olan futbolçular çətinlik yaşadırlar. Bu gün liderik, çempionatın qalibi olmuşuq. Hər zaman bütün komandalar liderə qarşı daha istəkli olurlar. Özümüz də bunu keçmişik. Əvvəllər liderlərə qarşı oynayanda, indi avrokuboklarda daha böyük komandaya qarşı oynayanda, istər-istəməz motivasiyamız daha yuxarı olur, məsuliyyətimiz daha çox olur. "Sabah" 5-ci yerdə oldu, amma bu yerə layiq deyillər, daha çoxuna layiq idilər. Bizimlə çox fərqi olmayan komandadır.
- Sumqayıtda oynamaq necə hissdir?
- Sumqayıtda meydança yaxşıdır. Orada futbola böyük maraq olur. Bizim oyunlarımızda həmişə stadion dolu olub. 7-8 min azarkeşi görürük. Futbolçular üçün də orada oynamaq xoş olacaq.
- Penaltilərə hazırlaşmısız?
- Çox da ciddi yox. Hər bir halda, özləri bilmədən də şərait yaradırıq ki, hər futbolçu 1-2 penalti yerinə yetirsin.