Öz adamı Mikayıl İsmayılovun sözünü eşitmir – Bölgə klubunda RƏZALƏT!

2 Yanvar 2021 14:20 Qalmaqal 5 492
Öz adamı Mikayıl İsmayılovun sözünü eşitmir – Bölgə klubunda RƏZALƏT!

Sportinfo.az xəbər verir ki, son illərdə Azərbaycanda korrupsiyaya qarşı mübarizə baxımından vəziyyət yaxşılığa doğru dəyişir.

Dövlət büdcəsinə kəm baxanlar, büdcə vəsaitini şəxsi pulu kimi xərcləyənlər cəza tədbirləri ilə üzləşirlər.

2020-ci ildə bəzi nazirlik və komitələrdə, icra hakimiyyətlərində bu yöndə xüsusi tədbirlər keçirildi, günahı olanlar layiqli cəzasını aldılar. Korrupsiya halı ölkə futbolundan da yan keçməyib.

İlk baxışdan üzdə olmayan bəzi funksionerlər tutduqları mövqedən istifadə edərək “kimdi bu sahəyə diqqət ayıran” düşüncəsi ilə həyatlarını qurmağa çalışıblar ki, bu da, adətən, uzun çəkmir. Bu şəxslər unudurlar ki, ictimai nəzarət hər yerdə var və futbolun hesabına özünə “gün ağlamaq” yaxşı iş deyil.

Futbola varlanmaq vasitəsi kimi baxanlardan biri də Ağsu şəhər stadionunun direktoru Elnur Alıyevdir. Onun Ağsudakı əməlləri ilə bağlı redaksiyamıza məlumat daxil olub (Futbol+).

Samir İsayevin dedikləri
Region Liqasında mübarizə aparan “Ağsu Siti”nin baş məşqçisi Samir İsayev üzləşdikləri məmur özbaşınalığı haqda danışmaq istədiyini bildirdi: “Bizim klub 2018-ci ildə yaranıb. “Ağsu Siti”nin prezidenti Rəmzi Eminlinin bu klubu yaratmaqda əsas məqsədi ağsulu gəncləri pis vərdişlərdən uzaq tutmaq, bölgədə rəqabətədavamlı futbol komandası yaratmaq idi. Müəyyən müddətdən sonra istəyimizə çatdıq. Mənim rəhbərliyim altında komanda formalaşdı. Rayon camaatı da “Ağsu Siti”ni çox sevdi, bütün oyunlarımıza sevə-sevə gəldi. İki ilə komandamız bölgədə adından söz etdirməyi bacardı. Maddi sıxıntılara baxmayaraq, “Ağsu Siti” ağsuluların qürur mənbəyinə çevrildi.

Uğursuz parlament seçkisi
Elnur Alıyevlə münasibətlər fevralda keçirilən sonuncu parlament seçkisində pozuldu. Elnur müəllim “Neftçi” İK İB-nin rəhbərliyi tərəfindən Ağsu stadionuna rəhbər təyin olundu. Həmin ərəfədə ondan dəstək istədik, komandanın təlim-məşq toplanışı keçməsi üçün şərait yaratmasını xahiş etdik. Xahiş etdik ki, ona məxsus fitnes zalında futbolçular məşq etsin. “Kart sistemidi” deyib, istəyimizi geri çevirdi. Ötən mövsüm “Şamaxı” ilə oyundan əvvəl bizə çatdırdılar ki, rəqib komandanın rəhbərliyi qalib gələcəyi halda futbolçulara mükafat verəcək. Biz də qələbə qazanmaq istəyirdik, bu səbəbdən oyuna normal hazırlaşmaq üçün Alıyevdən bizə imkan yaratmağı xahiş etdik. Ağsulu olsa da, imtina etdi. Elə oldu ki, komanda həmin oyuna məşq etmədən çıxdı, ancaq qələbə qazandı. Parlament seçkisi zamanı Ağsudan Milli Məclisə namizəd olan Araz Bayramov bizlə görüşdü və bildirdi ki, Mikayıl müəllimlə (SOCAR-ın vitse-prezidenti Mikayıl İsmayılovu nəzərdə tutur – red.) danışmışam, rayonda idmana və təhsilə xüsusi diqqət ayıracam. Həmin vaxt da futbolçulara 2400 manat borc var idi. Araz müəllim borcu ödədi və biz də seçki zamanı ona dəstək olacağımızı bildirdik. Ondan sonra çox şey oldu. Mikayıl müəllim klubun prezidenti Rəmzi Eminlini qəbul etdi, komandaya yardım edəcəyini bildirdi və etdi də. Həmin görüşdə Mikayıl müəllim Elnura “bu komandaya lazımi dəstəyi ver, istədikləri şəraiti yarat” göstərişi də verib. O da “baş üstə” deyib. Ancaq sonradan Alıyev başqa fikrə düşdü. Rayonda söylənilənlərə inansaq, o, “Ağsu Siti”nin rəhbərliyi və üzvləri parlament seçkisində mənim dəstək verdiyim namizədin yanında olmadılar” deyib və “onlar bunun bədəlini ödəyəcəklər” söyləyib. Alıyevin namizədinin kim olduğunu deyə bilmərik (çox güman, müsahimiz demək istəmir. Təbii ki, söhbət 2005-15-ci illərdə Milli Məclisin üzvü olan Ərəstun Cavadovdan gedir. Alıyev onun köməkçisi olub – red.). Ancaq görünən budu ki, o gündən bəri Elnur müəllim bizi stadiona həsrət qoyub.

Sadıq Sadıqovun adından istifadə edir
Elnur vaxtilə mənə “brat”, “qardaş” deyən oğlan idi. Ancaq sonradan tutduğu vəzifə, stadion direktoru postu onu çaşdırdı. O artıq bizimlə düşmən kimi rəftar edir. Ötən mövsüm utandığımızdan səsimizi çıxarmadıq, “bizə Ağsuda yer vermirlər”, - deyə haray-həşir salmadıq. Düşündük ki, Mikayıl müəllim tapşırıq veribsə, bizə dövlət orqanları da dəstək olacaq. Mikayıl müəllim Alıyevə də demişdi ki, uşaq futbolu bir tərəfə, böyük futbolda rayonu “Ağsu Siti” təmsil edəcək və onlara lazımi şəraiti yarat. İsmayılov hətta komandaya yetərincə diqqət ayıracağını, maddi problemləri yoluna qoyacağını da bildirmişdi. Və vədinə əməl də etdi. SOCAR-ın vitse-prezidenti ata-baba yurdunun komandasına lazımi qədər yardım göstərdi, klubun prezidenti Rəmzi müəllimlə görüşdə nə vəd etmişdisə, sözünü tutdu. Heyf ki, o kişinin Elnura verdiyi tapşırıqlar havada qaldı. Alıyev kimilər Mikayıl müəllimin də sözünü rayonda hörmətdən saldı. Ona hər dəfə “Ağsu Siti”ni niyə rayondakı stadiona buraxmırsan” sualını verəndə “mən “Neftçi” İK İB-nin rəhbəri Sadıq Sadıqov tərəfindən bura təyin olunmuşam və bu arena “Neftçi” İK İB-yə məxsusdu” söyləyir. Demək istəyir ki, “mən Mikayıl müəllimi yox, Sadıq müəllimi tanıyıram və onun dediklərinə, göstərişlərinə əməl edirəm”. Vəziyyət o həddə çatıb ki, Elnur rayon ağsaqqallarının arenanın ətrafında gəzməsini də qadağan edib. Məsələ ilə bağlı klub rəhbərliyi Sadıq müəllimlə görüşmək istədi. Ancaq Alıyev özünə yaxın şəxslərin vasitəsilə bu görüşün baş tutmasına imkan vermədi. Biz eşitmişik ki, Sadıq Sadıqov mömin, haqqı nahaqqın ayağına verməyən bir rəhbərdi. Ancaq bilmir ki, onun rəhbərliyi altında çalışan bəzi insanlar adından istifadə edərək, bölgələrdə özünü şah kimi aparır.

Büdcə hesabına yüksələn imarət
Elnur Alıyevin kim olduğunu Ağsuda bilməyən yoxdu. O, rayonda məsul vəzifəyə təyin olunandan sonra kimlərləsə əlbir olaraq, ancaq özünün güzəranını yaxşılaşdırmaq üçün çalışır. Alıyev qısa müddətdə Ağsuda özünə imarət ucaldıb ki, onun şəkillərini sizə göndərməyi də özümüzə borc bildik. Kim necə işləyir, hansı yolla pul qazanır, özü bilər. Bizim istəyimiz odu ki, rayondakı stadion Ağsu camaatına xidmət etsin, ağsulu gənclər bu arenadan yararlansın. Elnur müəllim isə buna imkan vermir. Onun yalan sözləri ağsuluları o qədər bezdirib ki, artıq ölkənin ən köklü komandası olan “Neftçi”nin adı gələndə hamı üzünü çevirir, bu komandanın uğur qazanmasını istəmir. Bütün bunlar məhz Alıyevin yarıtmaz siyasətinin nəticəsidi.

“Neftçi” İK İB hesabına pul qazanır
“Ağsu Siti” fəaliyyətə başladığı ilk vaxtlarda futbol klubu kimi qeydiyyatdan keçmişdi. Sonradan klub prezidentinin sayəsində “Ağsu Siti” voleybol komandası da birinci dəstədə mübarizəyə qoşuldu. Bütün bunlar gənclərin sağlam həyat tərzi keçirməsi üçün atılmış addım idi. Elnur müəllim stadion direktoru təyin olunandan sonra rayonda boks bölməsi də fəaliyyətə başladı. Onun himayədarlığı ilə həmin bölmənin məşqçisi pulla uşaqlara məşq keçir. Ancaq futbol və voleybolda qazanılan uğurun ondabiri boksda olmadı. Hamı bilir ki, bizi stadiona buraxmayan, Sadıq Sadıqovun adından istifadə edərək özünü toxunulmaz sayan, büdcədən idmana ayrılan vəsait hesabına rayonda özünə villa tikən Alıyev boks bölməsindən gələn pula görə həmin məşqçiyə havadarlıq edir. Ağsu idman ictimaiyyəti və “Ağsu Siti” klubu adından narazılığımızı sizə bildirməyi özümüzə borc bildik. Qoy ölkənin idman camiəsi, xüsusilə də “Neftçi” İK İB-nin rəhbərliyi, başda Sadıq Sadıqov olmaqla bilsin ki, onların etimad göstərdiyi adam Ağsuda hansı işlərlə məşğul olur, “Neftçi” İK İB-nin adını necə biabır edir”.

Digər Xəbərlər
Xəbər Lenti