Ölkənin toy dərdi - Onu necə həll etməli?

14 Aprel 2021 09:10 Problem 1 033
Ölkənin toy dərdi - Onu necə həll etməli?

Son bir neçə aydır ki, ölkədə gizli toy və nişan mərasimlərinin keçirildiyi haqda xəbərlər yayılır.

Demək olar ki, hər gün Bakıda və rayonlarda hansısa şadlıq sarayında (xüsusən də məmurlara məxsus obyektlərdə), restoranlarda, həyətlərdə hansısa şəkildə bu cür məclislərin baş tutduğunu eşidirik.

Doğrudur, bu cür məclislər bəzən polis müdaxiləsi ilə üzləşsə də, rahat şəkildə həyata keçirilənlər kifayət qədərdir.

Toy və nişan məclislərinin keçirildiyini isə daha çox şou-biznes nümayəndələrinin dilindən eşidirik. Məsələn, Xatirə İslam bir neçə gün öncə gün ərzində 500-dən çox toy keçirildiyini və sənətçi kimi həmin məclislərə dəvət aldığını etiraf etmişdi. Sənətçi Nazilə Səfərli də Musavat.com-a açıqlamasında toy və nişan mərasimlərinə dəvətlər aldığını və bir sıra şadlıq sarayları, restoranlarda 150 nəfərlik məclislər keçirildiyini demişdi.

Xatırladaq ki, ötən ilin mart ayının 15-dən etibarən ölkədə toyların keçirilməsi qadağandır. Operativ Qərargah bir neçə sahədə, o cümlədən restoran və kafelərin fəaliyyətinə qoyduğu məhdudiyyətləri aradan qaldırsa da, hələlik kütləvi məclislərin keçirilməsi haqda qərar qəbul etməyib.

Toylara qoyulan qadağa ilə bağlı ictimai narazılıqlara deputatlar da qoşulmağa başlayıb. Millət vəkili Fazil Mustafa Yenisabah.az saytına danışaraq, gizlin toyların keçirilməsinə bu cür rəy bildirib:

“İaşə məkanlarına kütləvi axın olduğu halda toylara qoyulan qadağa anlaşılan deyil. Vaxtilə keçmiş SSRİ-də Cinayət Məcəlləsində möhtəkirlik adlanan bir maddə var idi. Bu maddə hər hansı şəkildə gizli alver edən, ticarətlə məşğul olan insanlara şamil olunurdu. Amma faktiki olaraq cəmiyyətdə bu var idi, alver gedirdi. Cinayət Məcəlləsində bu maddənin olduğu, cərimələr tətbiq olunduğu hər kəsə məlum idi, buna baxmayaraq hamı bilirdi ki, ticarət davam edir. İndi toy məsələsi də onun kimidir. Toy məsələsi var, bu, reallıqdır və qaçılmazdır. İnsanlar bunu etməlidir”.

Fazil Mustafa:

Fazil Mustafa

Fazil Mustafa qeyd edib ki, vaxtında bu məsələni tənzimləməmək insanların günahı deyil. Onun sözlərinə görə, müvafiq qurumlar vaxtında məsələni tənzimləməli idi ki, sonralar “gizli toy” problemi yaranmasın:

“Çox təəssüf ki, qadağa ilə bunu ötüşdürdülər və əhali də öz addımını atdı. Məncə, doğru etdilər. Vətəndaşların qaydalara əməl etmək və müəyyən dərəcədə özlərini qorumaqla gizli şəkildə də olsa, toy keçirməklərini normal qəbul etmək lazımdır. Çünki bu bir reallıqdır, insan həyatıdır. İnsanların həyatının elə bir mərhələsi ola bilər ki, toyu indi keçirməsə, gələcəkdə həyatı alt-üst ola bilər, münasibətləri pozular və s. Ona görə də mən buna normal yanaşıram, hər hansı şəkildə əndazəni aşarlarsa, bu zaman cəzalandırma ola bilər, amma normal şəkildə, həyətində, sosial məsafəni qorumaq və az adam dəvət etməklə bunu edirlərsə, mane olmağı doğru hesab etmirəm. Qanun müəyyən dərəcədə bunu tələb etsə belə, toy insanların həyatında ən vacib məsələlərdəın biridir. Bu məsələdə vətəndaşların üzərinə bu dərəcədə gedilməsi doğru deyil. Sadəcə, tənzimləmək lazımdır ki, məsələn, filan sayda adamla etmək olar. Sayı aşarlarsa, cəzalandırılsınlar. Amma ümumiyyətlə qadağa qoyanda insanlar təbii ki, bunu gizli şəkildə edəcəklər. Bu məsələdə kimisə qınamağın adı yoxdur”.

Qeyd edək ki, son günlər ölkəmizdə koronavirusa yoluxanların sayı 2000-2700 arasındadır. Mütəxəssislər təxminən may ayından sonra yoluxma sayında azalmaların olacağını proqnozlaşdırır. Beləliklə, pandemiyanın nə zaman bitəcəyi, həyatımızdan çıxacağı məlum deyil. Bütün bunları nəzərə alaraq, ölkədə toyların keçirilməsinə icazə verilməsi mümkündürmü?

Mürvət Həsənli

“Xəmsə-M” şirkətinin rəhbəri Mürvət Həsənli mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Bildiyiniz kimi, artıq bir müddətdir ki, Operativ Qərargahın həm toy, həm də yas mərasimləri ilə bağlı qadağası var. Bu da ondan irəli gəlir ki, koronavirus bəlasının qarşısı alınsın. Buna baxmayaraq, artıq iki aya yaxındır ki, gizlin toy və nişan məclisləri təşkil olunur. Deyə bilərəm ki, yüksək məmurlara məxsus bütün obyektlərdə toy, nişan mərasimləri keçirilir. Hətta şəxsən məni də bu cür məclislərə dəvət ediblər, lakin qaydalara zidd olduğu üçün getməmişəm. Yəni qadağalı, qadağasız toylar keçirilir. İnsanlar artıq dözə bilmirlər, uzun müddətdir ki, nişanlı qalan övladlarına toy etmək istəyirlər.

Hesab edirəm ki, ölkənin iqtisadi hərəkətliliyini nəzərə alıb, Ramazandan sonra toyların keçirilməsinə icazə verilməlidir. Bildiyiniz kimi, əhalinin müəyyən qismi toy sahəsindən qazanc əldə edirdi. Yəni toy təkcə iki cütlüyün özəl günü demək deyil, toy həm də iqtisadiyyatın bir neçə sahəsini özündə cəmləşdirir və canlanma yaradırdı. Təsəvvür edin, toy günləri bizdə 200-400 işçi çalışırdı. İndi onların hamısı hər gün gəlib deyir ki, “mümkündürsə mənə 5-10 manat borc verin”.

İstənilən halda insanların sıx olduğu yerlərdə, ictimai nəqliyyatda əgər bir koronaviruslu xəstə varsa, o, digərlərini yoluxduracaq. Və yaxud restoran və kafelərdə, barlarda insanlar birlikdə əyləşib yeyir, əylənir. Əgər orada da kimsə xəstədirsə digərlərini yoluxduracaq. Bəs onda niyə toy mərasimləri olmasın? Hesab edirəm ki, şadlıq saraylarının 500 nəfərlik zallarında 150 nəfərlə toy etmək mümkün olar. Və yaxud şadlıq saraylarının həyətlərində, açıq havada toyların keçirilməsi mümkündür".

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı