”Neftçi”nin bu qış yollarını ayırmağa hazırlaşdığı Kenni Sayef Azərbaycanda qala bilər.
Bu barədə yeni məlumat əldə etmişik.
Redaksiyamıza verilən informasiyaya görə, “Zirə” onunla yaxından maraqlanır. Artıq tərəflər arasında danışıqların aparıldığı bildirilir.
Ötən ilin yayından ağ-qara formanı geyinən Kenni Sayefin iki illik sözləşməsinin müddəti mövsümün sonunda başa çatacaq. Adrian Mutudan tez-tez narazılıq eşidən yarımmüdafiəçi vaxtından əvvəl buradan getməyi lazım bilir.
Odur ki, “Neftçi” ilə kontraktı qarşılıqlı razılıq əsasında pozmağa razılaşıb. Vida xəbəri yaxın günlərdə açıqlanacaq.
ABŞ vətəndaşı olan İsrail əsilli 29 yaşlı sol cinah oyunçusu İsrailin “Bney Saxnin” (2010-2011), “Hapoel Hayfa” (2011-2012), “İroni Kryat Şmona” (2012-2013), “Hapoel Ramat Ha Şaron” (2013-2014), Belçikanın “Gent” (2014-2018), “Anderlext” (2018-2022), ABŞ-ın “Sinsinnati” (2019), Polşanın “Lexiya” (2020-2021) və İsrailin “Aşdod” (2021-2022) klublarında çıxış edib.
O, 2015-ci ildə “Gent”in heyətində Belçika çempionatının və Superkubokun qalibi olub.
İsrailin aşağı yaş yığmalarında da forma geyinib. Bu ölkənin əsas millisində 2, ABŞ milli komandasında isə 4 oyun keçirib.
SPORTİNFO.AZ

