Mutu “Neftçi”də 137 oyun keçirən futbolçunu “silib”

3 Dekabr 2023 14:00 Neftçi 5 128
Mutu “Neftçi”də 137 oyun keçirən futbolçunu “silib”

“Neftçi”də bir neçə zədəli futbolçu var və bu barədə mətbuatda onlarla bağlı xəbərlər dərc olunur.

Söhbət yayda sıradan çıxan Emil Balayev, sonradan zədələnən İvan Brkiçlə Filip Ozobiçdən gedir.

Bir müddət öncə Qara Qarayevlə Eddi İsrafilov da kollektiv çalışmalardan uzaq qalmışdı.

Ancaq nə hikmətdirsə, Ömər Buludov heç kimin yadına düşmür.

Əslində, 2016-ci ildən bu yana ağ-qara formanı geyinən sağ cinah müdafiəçisi də zədələnmişdi.

Müalicəsini edib sıraya qayıdandan sonra əsas yox, əvəzedici komandaya qoşulub ki, cari mövsümdə “Neftçi-2”nin heyətində 4 matçda meydana çıxıb.

Ömərin son 7 ildə “Neftçi”nin əsas komandası üçün lazımlı fiqur olduğunu nəzərə alsaq, hazırda üzləşdiyi vəziyyət sual doğurmaya bilməz.

Müəmmaya aydınlıq gətirmək üçün “Neftçi”nin PR mütəxəssisi Xəyalə Şahlarlı ilə əlaqə saxladıq:

“Ömər Buludov “Neftçi-2”nin sıralarındadır. Bu, əsas komandanın baş məşqçisi Adrian Mutunun qərarıdır. Zədədən qayıdandan sonra əsas heyətə düşə bilmir deyə, əvəzedici komandaya kömək edir.

Bu, formadan düşməməsinə və oyun təcrübəsindən əziyyət çəkməməsinə hesablanıb. Baş məşqçi nə vaxt etimad göstərsə, qayıdacaq”.

Maraqlı yanaşmadır, deyilmi? Əsas komandada özünə yer tapa bilməyən Ömər Buludov, İsmayıl Zülfüqarlı, Fərid Yusifli kimi futbolçular (hər biri “Neftçi”nin yetirməsidir) əvəzedici komandaya göndərildiyi halda, nədənsə, gününü ehtiyat oyunçular skamyasında keçirən legionerlərə eyni münasibət göstərilmir.

Ömər Buludov “Neftçi”nin formasını geyindiyi son 7 ildə bütün turnirlərdə 137 oyunun iştirakçısı olmaqla 5 qol vurub, 2021-ci ildə Azərbaycan çempionu adını qazanıb.

O, cari mövsümdə rumıniyalı mütəxəssisin rəhbərliyi altında 3 oyunun iştirakçısı olub ki, sonuncu dəfə Gəncədə “Kəpəz”ə qarşı oynayıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Fevral 17:50 Çək və bizə göndər!
23 Fevral 13:40 Tanrının ikinci qolu...