“Neftçi”dəki əcnəbi baxımsız oyuna maraqlı reaksiya verdi, təzyiqdən danışdı

2 Aprel 19:40 Neftçi 1 476
“Neftçi”dəki əcnəbi baxımsız oyuna maraqlı reaksiya verdi, təzyiqdən danışdı

“Neftçi” Qəbələ səfərində Kilan Lebonun vurduğu qol sayəsində qələbə qazandı.

Oyun başa çatandan sonra meydana əsas heyətdə çıxan braziliyalı hücumçu Andre Şinyaşiki Sportinfo.az-ın suallarını cavablandırıb.

- Rəqibin çox sayda qol imkanlarından istifadə edə bilmədiyini nəzərə alsaq, çətin qələbə ilə bağlı fikirlərini eşitmək maraqlıdır.

- “Qəbələ” çox yaxşı komandadır. Turnir cədvəlində haqq etmədikləri sırada qərarlaşıblar. Bu gün də sona qədər mübarizə aparmaqla asan təslim olmaq istəmədiklərini göstərdilər. Biz isə yaxşı oynamadıq. 3 xal bizə çox lazım idi ki, bunu da qazandıq.

- Yaxşı oynamadığınızı etiraf etdin. Baxımlı, dominant futbol sərgiləməyinizə nə mane olur?

- Yaxşı oyunlarımız olub. Ancaq hər dəfə bunu etmək olmur. Bəzən rəqib elə oynayır ki, məcburən nəticəyə köklənməli olursan. Bir də ki, ardıcıl qələbələr qazandıqca oyun keyfiyyəti də yüksəlir. Qeyri-sabitlik olanda istər-istəməz eniş yaşanır. Ardıcıl 2-3 matçda qalib gəlsək, baxımlılıq da olacaq.

- Psixoloji amilə bağlayırsan?

- Müəyyən mənada elədir. Açıq danışaq, yaxşı oynayıb uduzmaqdansa, pis oynayıb udmaq daha yaxşıdır. Çempionatdakı rəqabət ancaq və ancaq qələbə haqda düşünməyə vadar edir. Yaxşı oyun isə 3-5 günün işi deyil. Bunun üçün zaman lazımdır.

- “Sabah”la “Zirə” sizi qarabaqara izləyir, kubokun yarımfinalındakı rəqibiniz isə “Qarabağ”dır. Mümkün olacaq?

- Mümkün olması üçün əlimizdən gələni edəcəyik. Medallar uğrunda gərgin mübarizə gedir, təzyiq var. İlk növbədə təzyiqin altından çıxmağı bacarmalıyıq. Böyük nəticələrdən danışırıqsa, rəqabətdən üzüağ çıxmalıyıq. Rəqiblərin adlarına və xallarına baxmadan öz oyunumuz və nəticələrimiz haqda düşünsək, sonluğun yaxşı olacağına inanıram.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti