«Neftçi» cari mövsüm ikinci Azərbaycan derbisini də «Qarabağ»a uduzdu.
«Tofiq Bəhramov»a dönüş 0:2 hesablı yenilgi ilə bitdi.
Adrian Mutu «utancverici məğlubiyyətdir» deyib, bunun səbəblərinin üstündən sükutla keçdi.
Bura ona yaxşı tanışdır. Hələ 19 yaşı olarkən «Tofiq Bəhramov»a ayaq basmış və qol vurmuş biridir. Həmin vaxt Rumıniya yığmasının heyətində millilərimizə qarşı matçdan qalib ayrılmışdı.
O gəlişlə dünənki qayıdış arasında hansısa paralellik axtarmıram. Müqayisəni də məqbul saymıram.
Sadəcə, futbolçu Mutunun məşqçi Mutudan çox öndə olmasını qeyd etməyi özümə borc bilirəm.
«Neftçi»yə futbolçu Mutu lazımdır. Məşqçi Mutu ilə bu macəra çox uğursuz bitəcək.
«Neftçi»də 20-dən artıq futbolçu var, bir Mutu yoxdur. Heç onun yarısı da yoxdur.
Futbolçu Mutu qol vururdu, formasını geyindiyi komandanı irəli aparırdı.
Məşqçi Mutunun komandası derbidə qol vurmur, meydanı məğlub tərk edir.
Futbolçu Mutu uduzduqları oyundan sonra ağlaya-ağlaya paltardəyişmə otağının yolunu tutardı.
Məşqçi Mutu uduzduqları oyundan sonra heç nə olmamış kimi paltardəyişmə otağının yolunu tutur.
Futbolçu Mutu Avropanın böyük klublarının formasını geyinib, kifayət qədər uğurlu nəticələr əldə edib.
Məşqçi Mutu Azərbaycanın böyük klubunu çempionluq yarışından uzaq salır, onu aciz göstərir.
Futbolçu Mutuda olan təcrübə məşqçi Mutuda çatışmır.
MUSA

