Hələ istefaya getmir?

4 Mart 14:40 Neftçi 1 146
Hələ istefaya getmir?

Mövsümün sayca üçüncü Azərbaycan derbisi.

«Neftçi Arena»ya 6500 fanat toplaşıb.

Yaşlı, gənc, uşaq, başıpapaqlı, başıpapaqsız hər kəs.

İlk iki derbini «Qarabağ» qazanıb. İkisini də Adrian Mutunun «Neftçi»si üzərində.

Bu, Miodraq Bojoviçin «Neftçi»si ilə ilk belə imtahandır.

İlk hissədə oyun adına hər şey var, qoldan savayı.

Fasilədən sonra meydanda «Qarabağ» küləyi əsir.

Qara Qarayev standart vəziyyətdən sonra qapı önündə yaranan qarışıqlıq zamanı Nəriman Axundzadəyə başla «göydəndüşmə hədiyyə» göndərir. 19 yaşlı hücumçu da bu «hədiyyə»ni dəyərləndirir, başla hesabı açır.

Yuri Matias «Neftçi»nin ən bahalı legionerlərinin siyahısına başçılıq edir. Adrian Mutunun Buxarest «Rapid»indən gətirdiyi braziliyalı müdafiəçinin illik qazancı 450 min dollara yaxındır.

Həmin bu Matias 450 dolları yuxusunda da görməyən 15-16 yaşlı yeniyetmənin etməyəcəyi səhvi edir: ayağı top dolaşır, Juninyo onu ələ keçirir, Rza Cəfərov onunla təkbətək çıxan Zubiri yerə yıxmalı olur, Toral Bayramov penaltini dəqiq yerinə yetirir.

Juninyonun ağıl dolu pasını Toral Bayramov cərimə meydançası daxilindən zərblə qapıya fırlayır. Rza Cəfərov mövqe səhvinə yol verir, yaxın küncü bağlamır, top üçüncü dəfə qapı torunu salamlayır.

Yuri Matias-Mark Tamaş dueti müdafiənin mərkəzini boş saxlayır, sürətli əks-hücuma çıxan qonaqlar ev sahiblərini azlıqda yaxalayır, Rza Cəfərov Mateus Silvanın topunu qaytarır, Leandro Andrade təkrar vuruşla fərqi darmadağına çatdırır.

Elçin Məsiyev final fitini çalır, «Neftçi» azarkeşi “Əziz Bakılılar və Şəhərimizin Qonaqları” sözləri yazılmış xareoqrafiya ilə qarşıladığı «Qarabağ»ı meydandan alqış sədaları altında yola salır.

Miodraq Bojoviç oyunsonrası mətbuat konfransında “Qarabağ”ı son 15 dəqiqədə təzyiq altında saxlaya bildik, mən Azərbaycanda çempionatda rəqibə bu qədər təzyiq edən komanda görməmişəm“ deyir.

Deməyin deyir, amma bunu «Neftçi» kimi ölkənin ən yaşlı klubunun baş məşqçisinin deməməsi lazım.

Bununla öyünən şəxs «Neftçi»nin başında əyləşməməlidir, təcili istefaya göndərilməlidir. Elə günü bu gün. Hələ oradadır? Çox pis!

15 dəqiqə nədir, ay kişi! Futbol 90 dəqiqədən ibarətdir və «Neftçi»ni çalışdıran məşqçi bunu bilmirsə, daha burada nə işi var?

Əlbəttə, bilir. Sadəcə, gözdən pərdə asır, hamını da ələ salır.

«Qarabağ»a 15 dəqiqəlik təzyiq tətbiq etdiklərini iki daşın arasında dilə gətirən Bojoviç qalan 75 dəqiqəni necə keçirdiklərini niyə demir?

Ordan danışmaz axı. Oyunun böyük hissəsində meydanda dominantlıq edən «Qarabağ» vardı və Bojoviç bu perioda sadəcə, seyrçi qaldı.

«Nəticə ədalətli olmadı» söyləmək üçün adamda üz olmalıdır. O üz də Bojoviçdə!

MUSA

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"