COP29

"Neftçi"də Emin Mahmudov üçün Samir Abasov YOLU

9 May 16:00 Neftçi 5 367
"Neftçi"də Emin Mahmudov üçün Samir Abasov YOLU

Emin Mahmudovun "Neftçi"də yaşadıqları mənə Samir Abasovun bu klubdakı son aylarını xatırladır.

Yaxşı xatırlayıram, təcrübəli mütəxəssisin azarkeşlərlə bağlı açıqlaması, mətbuatla konfiliktə girməsi ictimaiyyətdə birmənalı qarşılanmamışdı.

Tənqidi yazılar, qınaq dolu paylaşımlar Abasova tuşlanmışdı.

Kütlə haqlı idi. "Ağ qaralar"ı çempion edən mütəxəssis bəzi yanlışlara yol verirdi.

Azarkeş klubun qırmızı xəttidir. Abasov həmin xəttə daxil olmuşdu. Heç 4-cü hakimiyyət hesab olunan mətbuatla zaman-zaman polemikaya getmək, söhbət xırdalamaq da uğurlu gediş deyildi.

Amma bütün bunların fonunda rəhbərlik baş məşqçisinə sahib çıxmalı idi. Axı söhbət 10 ildən sonra kluba çempionluq gətirən məşqçidən gedir. Həm də "Qarabağ" kimi hegemon rəqibin olduğu dönəmdə.

Guya hansı məşqçinin qüsuru yoxdur? İncələsən hansısa çərçivədə hamısının var. Amma idarəçilər sahib çıxmasını bilirlər. Lazım olanda müxtəlif gedişlər edib körpülərin yanmasına imkan vermirlər.

"Neftçi"nin rəhbərliyi isə tamaşaçı mövqeyini seçdi. Körpülərin yanmasını həzz alaraq izlədi. Belə gedişat rəsmilərin ürəyincə idi. Önünə keçmək yox, açmaq barədə daha çox plan cızırdılar. Çünki yeni günahkar tapmaq mütləq idi. O da Samir Abasov olmalıydı. Sonda oldu da. Adam haqsız yerə "Neftçi"dən göndərildi. Ondan sonra gələn Laurensi Regekampf, Adrian Mutu Abasova rəhmət oxutdurdu. İndi də Miodraq Bojoviç oxutdurmağa davam edir.

Mövsüm sona yaxınlaşdıqca paytaxt klubunda uğursuzluqlara don geyindirilməsi üçün günahkar axtarışı davam edir. İllərdi alışdığımız mənzərə...

Deyəsən, tapılıb da - kapitan Emin Mahmudov.

Həftələrdi "8 nömrə"yə qarşı xoş olmayan təbliğat aparılır. Klub da bütün başverənlərə göz yumur. Hansısa formada kapitana dəstək hiss olunmur. Yayda klubda qalması üçün dil tökənlər, xahiş edənlər indi kölgəyə çəkilib. Eminin kölgəsinə. Azarkeşlərə onun günakar kimi təqdim edilməsi ürəklərinə yağ kimi yayılır.

Bəli, Emin heç də uğurlu mövsüm keçirmir. Amma tək günahkar odurmu? Təbii ki, yox. İdarəetmə ifliç, baş məşqçi fiasko, heyət yararsız legionerlərlə dolu. Belə olan halda Mahmudov nə etməlidir?

Çıxıb Boqomolskinin yerinə qol vursun, yoxsa Melanonun?

Bəlkə, Mirzovun yerinə qaçmalı, Matiasın "quş"ların təmizləməlidir?

Mexanizm bərbad gündədirsə, Emin kimi fiqurun da həmin yalnış sistemin içində it-bat olmasından təbii heç nə yoxdur.

Ümumiyyətlə, bugünkü "Neftçi"də yerli futbolçulara qarşı qara piar aparılması barədə aylar əvvəl məlumat vermişdik. Sezon sona yaxınlaşdıqca ifşa dəst-xətti öz çılpaqlığı ilə gözlər önünə sərilməkdədir.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti