“Neftçi”də təzyiq var... “Qırğın” barədə xüsusi faktlar

26 Aprel 20:40 Neftçi 1 227
“Neftçi”də təzyiq var... “Qırğın” barədə xüsusi faktlar

32-ci turun ən səs-küylü iki oyunundan biri paytaxtda baş tutacaq.

Gümüş medalları hədəfləyən “Neftçi” bu avrokuboklara vəsiqə yolunda əsas rəqiblərindən olan “Turan Tovuz”u qəbul edəcək.

“Neftçi”də təzyiq, “Turan”da rahatlıq

Komandalar arasında illərə söykənən rəqabət öz yerində. Söhbət bu gündən gedirsə, hər ikisi yayda beynəlxalq oyunlarda iştirak etmək niyyətindədir.

Sözsüz, “Neftçi”nin arzusunun dozası daha artıqdır. Tovuzlular vəsiqəsiz qalsa, heç kim onları asıb-kəsməyəcək. Amma söhbət “ağ-qaralar”dan gedirsə, onsuz da mövsümü titulsuz başa vurmaqla başlarını bəlaya soxublar.

Bir də gümüş medalların əldən çıxması. “Turan Tovuz”la qarşılaşmada qələbə olduqca vacibdir.

Vay o günə ki, 3 xal hədəfinə çatmasınlar. Qonaqlar bu baxımdan rahatdır. Qələbə olsa, nə yaxşı, olmasa da canları sağ olsun.

Dönüş nöqtəsi

Turnir cədvəlinə 73 xala malik “Qarabağ” başçılıq edir. Çempionun ən yaxın izləyicisi 49 xala sahib olan “Zirə”dir. “Sumqayıt”la “Neftçi” eyni xalla (47) 3-4-cü pillələri bölüşürlər.

Şəxsi oyunlardakı üstünlüyə görə “kimyaçılar” bakılılardan öndə qərarlaşıb. “Sabah” 46 xalla 5-ci, 42 xala malik “Səbail”lə “Turan Tovuz” 6-7-ci pillələrdə qərarlaşıblar.

Bu o deməkdir ki, Miodraq Bojoviçin rəhbərlik etdiyi komandanın məğlub olması “Neftçi”nin gümüş istəyini əməlli-başlı çətinləşdirəcək.

“Zirə” və “Sumqayıt”la xal fərqi arta, arxadakı rəqiblər bakılıları yaxalaya bilər. Bu oyunu son 2 matçı məğlub başa vuran “ağ-qaralar” üçün dönüş nöqtəsi saymaq olar.

Oyunun gözəlliyinə kölgə salan, eyni zamanda rəng qatan məqamlardan biri hər iki komandanın heyətində itkilərin çoxluğudur.

Bu mövsüm uda bilməyiblər

Yeri gəlmişkən, komandalar arasında cari mövsümdə baş tutan bütün oyunlar gərginliyi ilə diqqət çəkib.

Maraqlı fakt “Turan Tovuz”un avqustdan bu yana “Neftçi”ni məğlub edə bilməməsidir. “Neftçi Arena”dakı oyunda meydan sahibləri üstün olub - 3:2.

Tovuzdakı duellərdəki yekun nəticələr də bakılıların xeyrinə işləyib. Mövsümün əvvəlində 1:0 qalib gəliblər, 3-cü dövrədəkı duel 1:1 başa çatıb.

Bu qədər itki olar?

“Neftçi” cəzalı duruma düşən Mark Tamaşla Yeqor Boqomolskinin xidmətindən yararlana bilməyəcək. “Qarabağ”la kubok matçında iştirak etməyən zədəli Emin Mahmudovun meydana çıxacağı inandırıcı görünmür.

Bu mənada “Turan Tovuz”un vəziyyəti çox ağırdır. Denis Marandiçi ilə Ayxan Hüseynov sarı vərəqə limitini doldurub. Fərid Yusifli, Veysəl Rzayev, Eltun Turabov və Rojerik Miller isə zədə səbəbindən kənarda qalacaq.

Bu qədər itkinin fonunda bölgə təmsilçisinin iddialı rəqibinə hansı sürpriz hazırlaması maraqla gözlənilir.

Aprelin 28-də “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Turan Tovuz” qarşılaşması saat 17:45-də başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti