“Neftçi”də narahatlıq – Ciddi islahatlar olacaq

23 Aprel 20:40 Neftçi 1 179
“Neftçi”də narahatlıq – Ciddi islahatlar olacaq

Ölkə kubokunu qazanmaq şansını böyük ölçüdə əldən verən, Premyer Liqada gümüş medal şansını çətinləşdirən “Neftçi” yayda yenilənəcək.

Ötən ilin iyulundan bu yana xərclənən milyonların qarşılığında təyin olunan baş məşqçi və gətirilən futbolçuların bacarığı klub rəhbərliyini heç bir halda razı salmır.

Müşahidə Şurasının sədri Rövşən Nəcəfin AFFA prezidenti postuna keçməsi ilə hazırda “Neftçi”də əsas məsuliyyət təhsil naziri Emin Əmrullayevlə Orxan Sultanovun çiyinlərindədir.

Müşahidə Şurasının üzvləri problemin kökünü tapmaq üçün dayanmadan çalışır. Ayda azı 1-2 dəfə iclas təşkil olunur, nəticələr, görülən işlər müzakirəyə çıxarılır, çıxış yolları axtarılır. İndiki durum bu cür davam etməyəcək!

Problemin kökü məlumdur. Yayda baş məşqçi axtarışlarının yubanması, Adrian Mutunun tələm-tələsik “sükan” arxasına gətirilməsi, transferlərin vahid plan əsasında yox, necə gəldi edilməsi.

Şura üzvləri eyni səhvlərin təkrarlanmaması üçün idman direktoru Yens Anderssonla uğurlu planın qurulması yönündə çalışırlar.

Baş məşqçi Miodraq Bojoviçin “Neftçi”dəki gələcəyi işıqlı görünmür. Monteneqrolu mütəxəssislə yollar güman ki, ayrılacaq. Onu kim əvəzləyəcək?

Siyahıda bir neçə məşqçinin adı var. Lakin bu dəfə danışıqları prosesi uzadılmayacaq.

Çempionat başa çatandan az sonra təyinat rəsmiləşəcək ki, ötən ilki hadisələr təkrarlanmasın. Sözsüz, fövqəladə hadisə baş verməsə.

Futbolçuların əksəriyyəti növbəti mövsümdə bakılıların heyətində olmayacaq. Lukas Melano, Mark Tamaş, Reziuan Mirzov, Dieqo Valdez, Ataa Caber və daha bir neçə oyunçuya göstərdikləri xidmətlərə görə uğurlar arzulanacaq. Yerli futbolçusu statusu daşıyan Eddi İsrafilovun məsələsi hələ də həllini tapmayıb. Qala da bilər, gedə də.

Böyük ümidlərlə komandaya cəlb olunan, lakin istənilən effekti verməyən 32 yaşlı Qara Qarayev isə böyük dərddir.

Sabiq “Qarabağ”lının “Neftçi” ilə müqaviləsinin müddəti davam etməkdədir. Onu yola salmaq üçün kifayət qədər ciddi rəqəmdən keçmək lazımdır.

“Papağını günə verən” Emin Mahmudov da həmçinin. Yaşa dolan, əvvəlki işgüzarlığından və məhsuldarlığından əsər-əlamət qalmayan kapitanı yola salmaq heç də asan deyil.

Orta sahədə yaş ortalamasını azaltmaq, daha sürətli və effektli oyunçular cəlb etmək üçün Qara və Eminlə ortaq məxrəcə gəlmək vacib amildir. Çempionatdakı limit və hər ikisinin yerli statusu daşıması klubdakıları dərindən düşünməyə vadar edir.

“Neftçi” mövsümlərarası fasilədə azı 5 yeni futbolçu ilə güclənəcək. Say çox olacaq ki, az olmayacaq. Artıq xeyli vaxtdır namizəd futbolçularla bağlı araşdırmalar aparılır, götür-qoy edilir.

Hansısa birinin və ya bir neçəsinin hazırda Premyer Liqanın digər klublarında top qovanlardan olması da mümkündür.

CV-yə aldanıb başqa ölkədən kimisə gətirmək təcrübəsinin bir çox hallarda ziyana işləməsi rəsmiləri dərindən düşündürür.

Növbəti mövsümdə azarkeşlər yenilənmiş “Neftçi” görəcəklər. Görülən və görüləcək işlərin nə dərəcədə faydalı olduğunu isə zaman sübut edəcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti