"Neftçi" üçün uçurumun ən yaxın nöqtəsi

28 Aprel 19:00 Neftçi 925
"Neftçi" üçün uçurumun ən yaxın nöqtəsi

"Neftçi" bu mövsüm də çempionluq mübarizəsində "Qarabağ"a açıq-aşkar uduzdu.

Son illər alışdığımız mənzərə dəyişməz olaraq qalır.

Komanda yalnız Samir Abasovun baş məşqçi olduğu 2020/21 mövsümündə çempion olmaqla surpriz etməyi bacarıb.

Qalan hallarda "ağ qaralar" əzəli rəqibə müqavimət göstərməkdə çarəsiz görünüb.

Artıq bu reallıqla klubun sadiq azarkeşləri, əlcək kimi dəyişən rəhbərləri də qəbullanıb.

Ən yaxşı halda mövsümün əvvəlli iddialı açıqlamalar eşitmişik.

Ən uzağı da qış fasiləsində ağ bayraq havaya qalxıb.

Amma bu illər ərzində avrokuboklara getmək paytaxt klubu üçün heç vaxt problem olmayıb.

Bir çox hallarda idarəçilik bərbad olub, məşqçilər bacarıqsız, futbolçular keyfiyyətsiz.

Amma ən pis günündə də futbol ictiamiyyət "Neftçi"nin tarixinin, formasının rənglərinin bu hədəfə çatması üçün yetərli olması qənaətində olub.

Deyəsən, bu mövsüm kluba, mənəvi dəyərlər də yardım etməkdən imtina edib.

Hər halda, dünən yaranan, hətta meydanda bir nəfər azlıqda qalan "Zirə"yə məğlubiyyətə başqa nə ad verəsən?

Özü də say üstünlüyü olanda hesab bərabər idi. "Qartallar" böyük tarixi olan rəqibinə məhz bu dəqiqələrdə 2 qol vuraraq qalib gəldi.

Və ən əsası hansısa təsadüf, bəxt sayəsində yox.

Həm də üstün futbolu, meydanda diqtə etməsi, rəqibə normal bir hücum qurmağa imkan verməməklə.

Məncə, hazırkı rəhbərlik bütün bunları ciddiyə almalı, yüz ölçüb bir biçməlidir. Daha söhbət çempion olub-olmamaq deyil ki, müxtəlif bəhanələrlə canını qurtarasan.

"Neftçi" bu dəfə Avropa arenasına həsrət qala bilər.

Bu isə uçurumun kənarı yox, dibi sayılacaq.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti